Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi
02 Avqust 2010 Bazar Ertəsi 19:20
Vətəndaşlarımıza Pakistana səyahət edərkən ehtiyatlı olmaları tövsiyə olunur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına son zamanlar Pakistan İslam Respublikasında baş vermiş hadisələrlə bağlı xəbərdarlıq edir. ANS PRESS XİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda Pakistanda son dövrlərdə terrorçu qruplaşmalarla Pakistan ordusu arasında toqquşmaların gücləndiyi qeyd olunub.
"Pakistan ərazisində terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi hallarının sayı artıb. Azərbaycan Respublikası vətəndaşlarının Pakistanın aşağıdakı ərazilərinə səyahət edərkən ehtiyatlı olmaları tövsiyə olunur: Cənubi Vəzirstan, Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzay inzibati bölgələri, Peşəvər şəhəri və onun cənubunda olan bölgələrdə, Şimali və Qərbi Belucistana və Qetta (Quetta) şəhərinə olan səfərlər təhlükəli olaraq qalır. Buner və Aşağı Dirə Lovari yolu vasitəsilə səyahətlər də təhlükəli hesab edilir. Bunları nəzərə alaraq, Pakistana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman ehtiyatlı olsunlar", - deyə məlumatda vurğulanıb.
Pakistanda daimi və müvəqqəti yaşayan, olan Azərbaycan Respublikasının vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün İslamabad şəhərində yerləşən Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımı kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: