Azərbaycan vətəndaşları Yaponiyanı tərk edir
19 Mart 2011 Şənbə 11:42
Yaponiyada Azərbaycan vətəndaşlarının bir neçəsi ölkəni tərk edib.
Bu barədə APA-ya Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn məlumat verib. Səfirin sözlərinə görə, hazırda bu ölkədə təxminən 40 nəfər Azərbaycan vətəndaşı qalıb: «Bəzi vətəndaşlarımız Yaponiyadan gedib. Lakin bu, təxliyə deyil və tövsiyə xarakteri daşıyır. Soydaşlarımıza təhlükəsiz bölgələrə köçməyi, əgər vacib işləri yoxdursa müvəqqəti Yaponiyanı tərk etməyi tövsiyə etmişik».
Qeyd edək ki, Azərbaycanın Yaponiyadakı diplomatik missiyası fəaliyyətini adi rejimdə davam etdirir. Martın 18-də Azərbaycan XİN ölkə vətəndaşlarına Yaponiyadakı vəziyyətlə bağlı bu ölkəyə səfərlərin təxirə salınması tövsiyəsi ilə müraciət edib. İlkin olaraq Yaponiyada 50 nəfərədək Azərbaycan vətəndaşı yaşayıb.
Yaxın vaxtlarda daha 5 azərbaycanlı tələbənin Yaponiyanı tərk edəcəyi gözlənilir. Bu barədə APA-ya məlumat verən Yaponiyanın Vaseda Universitetində (Tokio) təhsil alan azərbaycanlı tələbə Emil Cəfərzadə bildirib ki, bu tələbələr ölkədən müvəqqəti gedəcəklər və dərslər yenidən başlayandan sonra Yaponiyaya dönəcəklər. E.Cəfərzadə isə Yaponiyada qalmaq qərarındadır: «Yaxınlarda 5 azərbaycanlı tələbə Yaponiyadan gedəcək, mən isə qalmaq qərarına gəlmişəm, çünki heç bir təhlükə görmürəm. Lakin yaxın vaxtlarda dərslər yenidən başlayacağına görə, tələbələrimiz tezliklə qayıdacaqlar», - deyə E.Cəfərzadə qeyd edib. APA
DOSTLARINLA PAYLAŞ: