Azərbaycan vətəndaşları arasında xəsarət alan yoxdur
08 Aprel 2011 Cümə 22:13
Azər Hüseynovun sözlərinə görə, Yaponiyada zəlzələdən ölən və yaralananların sayı hələlik hesablanır
Yaponiyada 7,4 bal gücündə baş verən zəlzələ tələfatsız ötüşməyib. Martın 11-də baş vemiş 9 ballıq zəlzələyə nisbətən, indi çox az sakin ölüb. Ən son məlumatlara görə, zəlzələ nəticəsində Yamaqata və Miyaqi prefekturalarında 3 nəfər ölüb, 132 nəfər xəsarət alıb. Yaponiyanın Sakit okean sahilləri boyunca sunami təhlükəsi barədə xəbərdarlıq edilsə də, sonradan bu xəbərdarlıq ləğv edilib. Zəlzələ nəticəsində “Fukusima”da nüvə kompleksinin 6 reaktorunda yeni problemlərin ortaya çıxdığı bildirilirdi.

Yaponiyada yaşayan azərbaycanlı Rəhman Şahhüseynoğlu bildirib ki, sonuncu zəlzələdən “Fukusima” Atom Elektrik Stansiyasına (AES) heç bir zərər gəlməyib. Amma buna baxmayaraq, “Fukusima” AES-dən şimalda yerləşən “Onaqava” AES-də 3 reaktorda problem əmələ gəlib: “Problem təxminən 80 dəqiqədən sonra aradan qaldırılıb”.

Hazırda AES-lərdə iş bərpa olunub. “Fukusima” AES-in 1-ci və 3-cü reaktorlarına su səpilməsi və azot yeridilməsi əməliyyatları maneəsiz davam edir.

Yaponiyada yaşayan həmyerlilərimizə gəlincə, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynov onların təbii fəlakətdən xəsarət almadığını deyir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları arasında xəsarət alan olmayıb: “Ölənlərin sayı Yaponiya vətəndaşlarından söhbət gedir. Yaralananların sayı hələ ki, hesablanır. Tokioda vəziyyət sabit olaraq qalır. Yəni radiasiya fonu təbii fonu keçmir. İşıq təchizatı, benzin təminatı, qida-hər şey stabildir”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar