Azərbaycan vətəndaşı Latviyada hərbi şəhərcik alıb
23 Fevral 2010 Çərşənbə Axşamı 11:20
“Skrunda-1” ümumi sahəsi 45,1 hektar olan dörd torpaq sahəsindən ibarətdir
Latviyada keçmiş Sovet İttifaqına məxsus “Skrunda-1” hərbi şəhərciyi hərraca çıxarılıb. Yerli mətbuatın yazdığı məlumata görə, şəhərcik Azərbaycan vətəndaşı Məhəmməd Qurbanova nəsib olub.

Qurbanov Rusiyanın “Alekseyevskoe-servis” şirkətinin müəyyən olunmuş müddətədək (19 fevraladək) ölkənin Özəlləşdirmə Agentliyinin hesabına 190 min dollar həcmində məcburi ödəməni keçirməməsindən sonra qalib elan olunub.

Qeyd edək ki, "Alekseyevskoe-servis" hərrac zamanı obyekt üçün ən yüksək məbləğ təklif etmişdi.

Özəlləşdirmə Agentliyinin nümayəndəsi Anet Fridenşteyn Bridinyanın sözlərinə görə, Qurbanov hərracda fiziki şəxs kimi iştirak edib və bu obyektə görə ən çox məbləğ təklif edən ikinci adam olub.

Onun sözlərinə görə, Rusiya şirkətinin tələb olunan məbləği müəyyən olunan vaxtadək ödəmədiyini nəzərə alan agentlik nümayəndələri fevralın 22-də azərbaycanlını hərracın qalibi elan ediblər.

Xatırladaq ki, “Skrunda-1” ümumi sahəsi 45,1 hektar olan dörd torpaq sahəsindən ibarətdir. Onun ərazisində yaşayış evləri, uşaq bağçaları, mehmanxana, klub, bir çox təsərrüfat tikililəri daxil olmaqla 70 bina mövcuddur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar