Azərbaycan və Ukraynaya iki yeni saziş imzalamağa hazırlaşır
27 Noyabr 2010 Şənbə 11:35
Azərbaycandan Ukraynaya neft və maye qazının nəql olunması ilə bağlı iki ölkənin hökumətləri arasında iki müqavilənin imzalanması planlaşdırılır.
APA-nın məlumatına görə, bunu Yaltada keçirilən Qara dəniz iqtisadi forumunda iştirak edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, artıq «Ukrayna bazarına neftin nəql olunması üzrə əməkdaşlıq tədbirləri haqqında» adlı hökumətlərarası saziş layihəsi hazırlanıb.
Bununla yanaşı N.Əliyev qeyd edib ki, bu ilin 9 ayında Azərbaycandan Ukraynaya 1 mln. tondan artıq neft və 160 min tondan artıq neft məhsulları ixrac olunub: «Biz Azərbaycanla Ukrayna arasında yaranmış bu koridoru inkişaf etdirmək istəyirik. Baxmayaraq ki, biz daha qlobal layihələri, o cümlədən, Avrasiya neft nəqli koridoru layihəsini də inkişaf etdirmək niyyətindəyik».
İkinci əməkdaşlıq layihəsi haqqında danışan azərbaycanlı nazir bunun maye qazın Ukraynaya ixracı məsələlərini əhatə etdiyini vurğulayıb. «Bizim Ukraynanın Qara dəniz sahilində maye qaz terminalının inşası ilə bağlı planları haqqında xəbərimiz var və artıq saziş layihəsi hazırdır. Fikrimcə, yaxın vaxtlar biz onu imzalayacağıq və bu, analoji layihələrin icrasında qarşılıqlı dəstəyə mütləq zəmanət verəcək», - deyə N.Əliyev vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar