Azərbaycan və Rusiya arasında memorandum imzalanacaq
11 Mart 2011 Cümə 14:36
Sənəd Rusiya Strateji Araşdırmalar İnstitutu və Strateji Araşdırmalar Mərkəzinin birgə əlaqələrini nəzərdə tutur
Moskvada martın 14-də Rusiya Strateji Araşdırmalar İnstitutu (RİSİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandum imzalanacaq. SAM-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, memorandumun imzalanmasında əsas məqsəd Rusiya-Azərbaycan münasibətləri, beynəlxalq siyasət, regionda geosiyasi vəziyyətə dair iki ölkənin aparıcı beyin mərkəzlərinin ekspertlərinin azad fikir mübadiləsi aparması üçün şəraitin yaradılmasıdır.
Bu məqsədlə SAM-ın direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti martın 13-də Moskvaya yola düşəcək. Martın 14-də Azərbaycan və Rusiyanın “beyin mərkəzləri” arasında imzalanacaq memorandumdan sonra RİSİ-də “Qafqazda təhlükəsizliyin təminatında Rusiya və Azərbaycanın rolu” mövzusunda dəyirmi masa keçiriləcək. Rusiyanın tanınmış siyasi ekspertləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
Martın 15-də isə SAM-ın nümayəndə heyəti Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunda təşkil olunacaq “Cənubi Qafqaz kontekstində Rusiya Azərbaycan münasibətləri” mövzusunda təşkil olunacaq növbəti tədbirdə iştirak edəcəklər.
Nəzərdə tutulmuş səfər çərçivəsində SAM-ın nümayəndə heyəti tanınmış rusiyalı ekspertlərlə görüş keçirəcək və bir sıra regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaqlar.
DOSTLARINLA PAYLAŞ: