Azərbaycan və Macarıstan arasında beş sənəd imzalanıb
11 Noyabr 2011 Cümə 14:12
Sənədlər Vergilər, hərbi, ədliyyə və sahələr üzrə əməkdaşlığı nəzərdə tutur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı səfiri Vilayət Quliyev və Macarıstan Respublikasının Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay imzalayıblar.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Macarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora imzalayıblar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin ədliyyə üzrə dövlət katibi Robert Repassi imzalayıblar.

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzalayıblar.

“Azərbaycan Respublikasının Hökuməti və Macarıstan Respublikasının Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzalayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar