Azərbaycan və İranın birinci xanımları görüşüblər
18 Noyabr 2010 Cümə Axşamı 03:10
Əzəm əs-Səadət Fərəhi Mehriban Əliyevanı Tehrana dəvət edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüşüb. Qonağı salamlayan Mehriban xanım Əliyeva Əzəm əs-Səadət Fərəhini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirib.
Heydər Əliyev Fondu haqqında məlumat verən Azərbaycanın birinci xanımı deyib ki, 2004-cü ilin may ayında Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiqyaslı layihələr həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti qonağın diqqətinə çatdırdı ki, Fond uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği işlərində də yaxından iştirak edir.
İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi Azərbaycana səfərindən məmnun olduğunu söyləyərək, doğma münasibətə və qonaqpərvərliyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qonaq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə bu görüşün gələcək görüşlərin başlanğıcı olduğunu deyb. İran Prezidentinin xanımı Mehriban Əliyevanı Tehrana dəvət edib.
Azərbaycanın birinci xanımı dəvətə görə Əzəm əs-Səadət Fərəhiyə minnətdarlığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: