Azərbaycan və Ermənistanın futbol çempionatları birləşdirilə bilər?
26 Yanvar 2011 Çərşənbə 09:20
GFF-in rəhbəri Zviyad Siçinava maraqlı təşəbbüslə çıxış edib.
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava maraqlı təkliflə çıxış edib. O, gələcəkdə Cənubi Qafqaz ölkələrinin ortaq futbol çempionatının təşkil edilə biləcəyini istisna etməyib. ANS PRESS-in “Sports.ru”ya istinadən verdiyi xəbərə görə, Zviad Siçinava UEFA-nın dəfələrlə belə bir təkliflə çıxış etdiyi bildirib.
“Mənim Azərbaycan və Ermənistan futbol federasiyaları nümayəndələri ilə dostluq münasibətlərim var. AFFA-nın baş katibi Elxan Məmmədov və EFF-nın rəhbəri Armen Minasyana hörmətlə yanaşıram. Onlarla dəfələrlə Cənubi Qafqazın üç ölkəsinin təmsilçiləri olan klublarının iştirakı ilə ortaq bir turnirin təşkil edilməsi barədə söhbət etmişəm. Ümid edirəm ki, bu təşəbbüs nə vaxtsa dəstəklənərək həyata keçiriləcək”, - deyə Zviad Siçinava qeyd edib.
Gürcüstan Futbol Federasiyasının rəhbəri Cənubi Qafqaz kubokunun baş tutacağı təqdirdə çox maraqlı çempionat olacağını da vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: