Azərbaycan və Ermənistan prezidentləri bu gün Münhendə görüşəcəklər
22 Noyabr 2009 Bazar 01:30
Ermənilər görüşə kürklərində birə ilə gedirlər
Bu gün Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Danışıqlar Fransanın Münhendəki konsulluğunda baş tutacaq. Bu, 2009-cu il ərzində prezidentlər arasında sayca 6-cı görüşdür.
Qeyd edək ki, görüşdən iki gün əvvəl Goranboyda məcburi köçkünlərlə görüşən Azərbaycan prezidenti İlham Əliyev sərt bəyanatlarla çıxış edib. O açıq şəkildə bildirib ki, əgər Münhen görüşü də əvvəlki danışıqlar kimi nəticəsiz qalsa, Azərbaycan danışıqlara ümidini tam itiricək və ədaləti bərpa etmək üçün hərbdən başqa yolu qalmayacaq. Bu bəyanata rəsmi İrəvandan hələlik cavab gəlməsə də, müxtəlif səviyyəli reaksiyalar onu deməyə əsas verir ki, Azərbaycan prezidentinin müharibə bəyanatlarından daha çox narahatlığı İrəvan və Moskvada keçirirlər. İrəvandakı narahatlıqlar təbii görünsə də, Moskvadan nümayiş etdirilən mövqe bir qədər anlaşılmazdır.
İrəvandakı Sülh və Demokratiya Mərkəzinin rəhbəri, politoloq Armen Minasyan bildirib ki, Azərbaycanda səslənən müharibə bəyanatları Cənubi Qafqazdakı sabitlik üçün təhlükədir. Onun fikrincə, beynəlxalq təşkilatlar belə bəyanatları cavabsız qoymamalıdırlar.
Rusiya Dövlət Dumasının deputatı, MDB ökələri institutunun direktoru Konstantin Zatulinin də reaksiyası ermənilərin mövqeyindən heç nəyi ilə fərqlənmir. Onun fikrincə, Azərbaycan müharibəyə başlasa, bu addıma dünyada heç kim haqq qazandırmayacaq. Konstantin Zatulin şantaja da əl atıb. Guya, müharibə Azərbaycanın iqtisadi maraqlarına zərbə vura bilər, enerji müqavilələri öz dəyərini itirər.
Əslində, Azərbaycan prezidentinin danışıqlar ərəfəsində səsləndirdiyi kəskin bəyanata bu cür reaksiyaların olacağı bəlli idi. Ümumiyyətlə, vəziyyətin ölü nöqtədən tərpədilməsi cəhdləri hər zaman Rusiya və Ermənistanın təpkisi ilə qarşılanır. Çünki vəziyyətin sonsuzluğa qədər olduğu nöqtədə qalması, qeyri-müəyyənliyin davam etməsi Moskvaya da, İrəvana da sərf edir.
Bundan başqa, Ermənistanın hazırkı vəziyyəti Azərbaycanın hərb yoluna əl atmasından ehtiyatlananların əhatə dairəsini də genişləndirir. İqtisadi böhrandandan sürünərək çıxmağa çalışan Ermənistanın müharibəyə davam gətirəcək gücü yoxdur. Azərbaycanın hərbi xərclərinin ilbəil arması qarşısında Ermənistan bu il hərbi xərclərini azatmalı olub. Çünki ölkə xarici borclar məngənəsində boğulur. Bu baxımdan, ikinci Qarabağ savaşı başlamadan da onun mümkün nəticəsi ermənilərin özünə də məlumdur.
O ki qaldı Münhen görüşünün nəticə verəcəyinə, buna ümidlər olduqca azdır. Əvvəllər keçirilmiş analoji görüşlərin təcrübəsindən çıxış etsək, bizi həmsədrlərin növbəti “tərəflər münaqişənin nizamlanmasına doğru daha bir addım atdılar” kimi məchul bəyanatı gözləyir. Ötən il Moskvada Rusiya prezidenti də daxil olmaqla üç dövlət başçısının imzaladığı bəyannamədən başqa son altı görüşdə demək olar ki, heç bir ciddi irəliləyiş qeydə alınmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar