Azərbaycan-Türkiyə XİN rəhbərləri görüşüblər
06 Fevral 2011 Bazar 03:35
Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk iclasına hazırlıq müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhendə beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində türkiyəli həmkarı Əhməd Davutoğlu ilə görüşüb. Türkiyənin “Cihan” agentliyinin Əhməd Davutoğluna istinadən yaydığı məlumata görə, görüşdə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk toplantısına hazırlıq məsələləri müzakirə edilib.
Türkiyənin XİN rəhbəri Münhendə İsveçrənin xarici işlər naziri ilə də görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması barədə sənəd 2010-cu ilin sentyabrında türkdilli ölkələrin İstanbul sammiti zamanı imzalanıb. İmzalama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, imzalanan sənəd Azərbaycan və Türkiyə arasında görülən işlərə yekun vurur, strateji tərəfdaşlığın gələcək inkişafını müəyyən edir: “Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə adi bir müqavilə, saziş deyil. Bu, bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün sahələrdə daha da böyük nəticələrə çataq. Bu saziş bütün sahələri əhatə edir - siyasi əlaqələri, hansılar ki, bu gün ən yüksək zirvədədir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat, dəmir yolu layihələri, mədəniyyət, humanitar sahələr - yəni elə bir sahə yoxdur ki, bu sazişdən kənarda qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə Azərbaycanın əlaqələri bundan sonra da uğurla, sürətlə və daha da mütəşəkkil qaydada irəliyə getsin və xalqlarımız daha da birləşsin, daha da sıx əməkdaşlıq etsin. Bu sənəd hüquqi sənəddir, amma, eyni zamanda, bu sənəd çox səmimi sənəddir. Bu, sadəcə iki ölkə arasında müqavilə deyil. Bu, ürəkləri, xalqları birləşdirən, bizim xoş niyyətimizi ifadə edən bir əsərdir. Bu əsər yaşayacaq və bizi daha da zəngin və xoşbəxt edəcək”.
Qeyd edək ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk toplantısının mart-aprel aylarında Bakıda keçirilməsi nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: