Azərbaycan Türkiyə ilə dil tapacaqmı?
10 Fevral 2010 Çərşənbə 12:15
Rövnəq Abdullayev: “Azərbaycan qazının Türkiyəyə ixracı ilə bağlı müzakirələr davam etdirilir”
Azərbaycan qazının Türkiyəyə ixracı ilə bağlı iki ölkənin apardığı danışıqların bəzi komponentləri üzrə tərəflər arasında müəyyən fikir ayrılığı olduğuna görə, danışıqların davam etdirilməsi qərara alınıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev son günlər Türkiyə KİV-ində ARDNŞ və Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında qaz məsələləri ilə bağlı aparılan danışıqlarda müəyyən razılığa gəlindiyi barədə yayılan məlumatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil olunan təbii qazın Türkiyəyə ixracı və tranziti məsələlərinin müzakirəsi hazırda davam etdirilir. Müzakirə olunan məsələlər sırasına “Şahdəniz-I” üzrə Türkiyəyə ixrac olunan qazın 2008-ci il 15 aprel tarixindən sonrakı müddət üçün qiymətinin razılaşdırılması, “Şahdəniz-II” üzrə hasil olunacaq qazdan Türkiyəyə satılacaq həcm və onun qiyməti, eyni zamanda bu qazdan Türkiyə üzərindən tranzit həcmi və tranzit tarifi, habelə bir sıra digər məsələlər daxildir.
“Qeyd edim ki, tərəflər arasında əvvəldən razılaşdırılmış şərtə görə, bu məsələlərə paket halında baxılır. Hazırda “Şahdəniz-I” mərhələsinin qazı üzrə müzakirə olunan məsələdə tərəflər arasında ümumi yanaşma olsa da, paketə daxil olan digər məsələlər barədə fikir ayrılığı mövcuddur. Müzakirə predmeti olan məsələlər paketi üzrə tam razılığa gəlinmədiyindən, KİV-də əks etdirilmiş fikirləri təsdiq etmək mümkün deyil”, - deyə ARDNŞ başçısı vurğulayıb.
R.Abdullayev həmçinin əlavə edib ki, bu yaxınlarda Ankarada tərəflər arasında keçirilmiş görüşdə müzakirələrin davam etdiriləcəyinə dair razılığa gəlinib.
Qeyd edək ki, son vaxtlar Türkiyə mətbuatında iki ölkənin müvafiq qurumları arasında qaz məsələləri ilə bağlı aparılan danışıqlarda müəyyən razılığa gəlindiyi, o cümlədən Türkiyəyə ixrac olunan qazın qiyməti və əvvəllər ixrac edilmiş qaza görə qiymət fərqi üzrə məbləğin razılaşdırıldığı barədə məlumatlar yayılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: