Azərbaycan təyyarəsini taliblər vurmayıb?
05 Sentyabr 2011 Bazar Ertəsi 15:34
Azərbaycan təyyarəsini taliblər vurmayıb? Qəzaya heyətin səhvi səbəb olub.
Azərbaycanın "Silk way" aviaşirkətinin "İl-76" təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəbi taliblər tərəfindən buraxılan raket yox, heyətin səhvi olub. "Turan" agentliyinin məlumatına görə, təyyarənin "qara qutu"sunun ekspertizası göstərib ki, təyyarənin komandiri Kabil yaxınlığında Bahram aerodromunun dispetçerinin xidmətlərindən imtina edərək, təyyarənin vizual rejimdə enişinin cavabdehliyini öz üzərinə götürüb. Təyyarənin enişinin planlaşdırıldığı zaman buraxılmış səhv nəticəsində 18 ton yük daşıyan hava gəmisi dağa çırpılıb.

Qeyd edək ki, təyyarənin "qara qutu"su avqustun 15-də ekspertiza üçün Əfqanıstandan Moskvaya Dövlətlərarası Aviasiya Komitəsinə göndərilib. ANS PRESS komitənin rəsmi saytına istinadən xəbər verir ki "qara qutu"nun ekspertizası Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 13-cü bəndində uyğun olaraq Əfqanıstan hakimiyyəti, Komitənin səlahiyyətli şəxslər və maraqlı dövlətlərin iştirakı ilə keçirilir.

Komitənin mütəxəssisləri Əfqanıstan, Azərbaycan və Özbəkistan nümayəndələrinin iştirakı ilə "qara qutu" açılıb və oradakı məlumatlar köçürülüb. Məlumata görə, "qara qutu"nun registatoru əhəmiyyətli dərəcədə zədələnib, maqnit lenti isə xəsarət almayıb. Maqnit lentindəki bütün məlumatlar köçürülüb. Məlum olub ki, qəza uçununun səsyazması mövcuddur. Avqustun 29-na olan məlumatda bildirilir ki, heyət üzvlərinin danışıqlarının dinləmələri və onların danışıqlarının çıxarışı tərtib olunur.

İş bitdikdən sonra materiallar istintaqın bitməsi və son hesabatın tərtib olunması üçün Əfqanıstanın aviasiya hakimiyyətinə təhvil veriləcək.

Aviaqəza iyulun 6-da Kabil vaxtı ilə saat 00:10-da baş verib. Həmin gün koalisiya qüvvələrinin ABŞ və Bpyük Britaniya komandanlığının nümayəndəsi Tim Ceyms bildirdimiçdi ki, təyyarə 3, 8 min metr yüksəklikdə dağa çırpılıb. Amma Əfqanıstan KİV-i bildirmişdi ki, təyyarə taliblər tərəfindən vurulub.

Hələlik, təyyarənin kapitanı, təcrübəli pilot Sergey Kuzminin təyyarəni vizual rejimdə çətin dağ relyefi olan aerodromda nəyə görə endirmək istədiyi məlum deyil. Adətən, Bəhram aeroportunda təyyarələri enişə dispetçer aparır. Bununla bağlı hələ ki, rəsmi bəyanat verilməyib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar