Azərbaycan şirkətləri Qərbi Qazaxıstanı ərzaqla təmin edəcək
10 Yanvar 2013 Cümə Axşamı 17:22
Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək
Azərbaycanda səfərdə olan Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, logistika, turizm və s. sahələrdə əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ş. Mustafayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, siyasi-iqtisadi əməkdaşlığın yüksək səviyyədə inkişafında dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb. İki ölkə arasında iqtisadi sahədə indiyədək 20-dən çox sənəd imzalanmış, möhkəm müqavilə-hüquq bazası yaradılıb.
Nazir Ş. Mustafayev qazanılmış iqtisadi nailiyyətlər, ölkəmizin əlverişli biznes və investisiya mühiti, regionların inkişafı istiqamətində görülən işlər, yaradılmış müasir istehsal və emal müəssisələri, taxıl və soyuducu anbar kompleksləri, iri taxılçılıq təsərrüfatları, kənd təsərrüfatı sahəsinin inkişafına dövlət dəstəyi mexanizmləri barədə qazaxıstanlı qonaqlara geniş məlumat verib. Qeyd edilib ki, ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, ölkə regionlarının inkişafında məqsədyönlü dövlət proqramlarının - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın uğurlu icrası mühüm rol oynayır. Rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi xarici bazarlarda Azərbaycan mallarına olan marağı və tələbatı artırır, yerli məhsullar bir sıra xarici ölkələrə ixrac olunur.
Ş. Mustafayev Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılması və bu mərkəz vasitəsilə bölgənin ərzaq təminatında Azərbaycan şirkətlərinin iştirak edə biləcəyini də diqqətə çatdırib. Vurğulanıb ki, ölkə başçılarının tapşırığına əsasən, Qərbi Qazaxıstan vilayətləri ilə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin Aktauya səfəri və biznes-forumun təşkili nəzərdə tutulur.
Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayev ölkəsində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də aqrar sektorda tətbiq edilən qabaqcıl texnologiya və metodlara ölkəsində marağın böyük olduğunu vurğulayıb. Azərbaycanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən K. Qazaxıstanda Azərbaycanın aqrar sahədəki qabaqcıl təcrübəsindən istifadə ediləcəyini qeyd edib.
Azərbaycana səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin (Sumqayıt Texnologiyalar Parkı, "Green Tech" müəssisəsi, "Zəhmət Ruzi" MMC) fəaliyyəti ilə tanış olublar. Qazaxıstanlı qonaqlara müasir texnologiyalara əsaslanan istehsal və emal prosesləri barədə məlumat verilib.
Bu gün isə Qazaxıstan nümayəndə heyəti Qəbələdə bölgənin turizm potensialı, heyvandarlıq, şərabçılıq, konserv məhsulları istehsalı müəssisələrinin, soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub.
DOSTLARINLA PAYLAŞ: