“Azərbaycan-Rusiya sərhədinin delimitasiyası prosesi tam başa çatıb”
07 May 2010 Cümə 13:05
Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri məlumat verib.
Azərbaycan-Rusiya sərhədinin delimitasiyası məsələsi tam şəkildə razılaşdırılıb. Bu barədə jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ötən ay iki ölkənin sərhədində üç mübahisəli ərazi və Samir çayı üzərindən keçən körpüdən istifadə barədə qarşılıqlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, tərəflər Samur çayının su ehtiyatından 50/50 nisbətində istifadə edəcəklər, sərhəd isə körpünün tən ortasından keçəcək: “Aprelin 14-18-də biz razılaşdırılmamış 3 məntəqə və Samur çayın səthinin bölünməsi məsələsinə yekun vurduq. Bütün məntəqələr razılaşdırıldı. Samur çayından tərəflər bərabər həcmdə istifadə edəcək. Sərhəd də körpünün ortasından keçir”.

Qərib Məmmədov sərhədlərin bu cür müəyyənləşməsini ədalətli adlandırıb. Artıq tərəflərə sərhədin yeni topoqrafik xəritələrinin hazırlanması tapşırılıb.

Lakin Qərib Məmmədov yekun sənədin nə zaman imzalanacağını söyləməkdə çətinlik çəkib: “Tam razılaşma əldə olunub, biz yeni xəritələr hazırlayırıq, lakin sərhədlərin delimitasiyası ilə yanaşı demarkasiyası da var. Yəni koordinatları qeyd etmək, dövlət sərhədinin keçəcəyi yerləri işarələmək lazımdır. Buna isə xeyli vaxt gedəcək. Çox güman ki, yekun sənəd iki ölkənin dövlət başçıları tərəfindən imzalanacaq”.
Qeyd edək ki, Azərbaycanın Rusiya ilə 390 kilometr sərhədi var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar