Azərbaycan-Rusiya sərhədində nə baş verir?
06 Mart 2011 Bazar 19:26
Problemin Rusiya tərəfdə olduğunu deyən sürücülər bunun qəsdən yaradıldığını iddia edir.
Azərbaycan-Rusiya sərhədində 3 gündür ki, yük maşınlarının uzun növbəsi yaranıb. Problemin Rusiya tərəfdə olduğunu deyən sürücülər bunun qəsdən yaradıldığını iddia edir. Azərbaycan gömrükçüləri isə məsələnin həlli üçün rusiyali həmkarlarıyla danışıqlara başlayıb.
Samur keçid məntəqəsinin qarşısında və Samur gömrük terminalında Azərbaycandan, eləcə də İrandan Rusiyaya və digər ölkələrə (Belarus, Ukrayna, Moldova) meyvə-tərəvəz və sənaye malları daşıyan yük maşınlarının böyük növbəsi yaranıb. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, yük maşınlarının sürücüləri hətta bu gün Samur gömrük-keçid məntəqəsinin qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycandan Rusiyaya gedə bilmədiklərini deyir. Buna səbəb kimi isə sürücülər Rusiyanın gömrük məntəqəsində böyük növbələrin yarandığını göstərirlər.
Sürücü Telman Zamanov: “3 gündür burdayıq. Azərbaycan tərəfi deyir ki, bizdə problem yoxdur. Rusiya tərəfindədir”.
Sürücü Cəsarət Qarayev: “Qazel”lər yolu bağlayıb. Körpülər tam bağlanıb. Buna görə də Rusiya tərəfi buraxmır. Heç biz bilmirik ki, necə olub”.
Beynəlxalq yükdaşımalarla məşğul olan sürücülərin sözlərinə görə, Dağıstanın Yaraq-Qazmalar keçid məntəqəsində piyada keçidi olmadığından Samur körpüsünün Rusiya hissəsində minik maşınlarının növbəsi yaranıb və yol bağlanıb.
Rusiyalı sürücü Sergey Qravinin sözlərinə görə, Rusiya ərazisində həmişə problemlər olur. Belə ki, 50 kiloqram çəkisində mal daşımağa icazəsi olanlar malı maşınlarla aparırlar və neytral zonanı bağlayırlar.
Xaçmaz gömrük idarəsinin Samur gömrük-keçid məntəqəsinin rəisi Hüseyn Məsumov isə ANS-ə bildirib ki, Dağıstanın Yaraq-Qazmalar gömrük-keçid məntəqəsində problem yarandığından yük maşınları Azərbaycandan o tərəfə keçə bilmir: “Bu gün Azərbaycandan Rusiyaya cəmi 23 yük maşını, əks istiqamətdə isə 89 yük maşını buraxılıb. Bizdə heç bir problem yoxdur. İndi qonşu ölkənin gömrükçüləri ilə danışıqlar aparırıq ki, problem qısa zamanda həll olunsun”.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: