Azərbaycan-Rusiya məsləhətləşmələri keçirilib
04 Mart 2011 Cümə 16:16
Məsləhətləşmə Xaçmazın Xrax-Uba kəndində yaşayan Rusiya vətəndaşlarının hüquqi vəziyyətləri ilə bağlı keçirilib.
Xaçmazın Xrax-Uba kəndində yaşayan Rusiya vətəndaşlarının hüquqi vəziyyətləri ilə bağlı problemlərin nizamlanması ilə bağlı Bakıda Azərbaycan-Rusiya məsləhətləşmələri keçirilib. Rusiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Moskva tərəfdən məsləhətləşmələrdə bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxin, Dağıstanın milli məsələlər və xarici əlaqələr üzrə naziri B. Bekmurzaev, Rusiyanın Regionlar Nazirliyinin şöbə rəisi D. Fişkin, Federal Miqrasiya Xidmətinin nümayəndəsi T. Matveyeva, Dağıstanın Azərbaycandakı daimi nümayəndəsi M. Qurbanov iştirak ediblər.

Azərbaycan tərəfdən isə məsləhətləşmələrə Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov qatılıblar.

Məsləhətləşmələrin gedişində bildirilib ki, yaranmış problemlər Azərbaycan qanunvericiliyinə uyğun, beynəlxalq hüquq əsasında, tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmət bəsləməsi, Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakterinə uyğun və Xrax-Ubada Rusiya vətəndaşlarının düşdüyü humanitar vəziyyət nəzərə alınmaqla həll olunmalıdır.

Bu problemin mümkün həll yolları kimi Xrax-Uba sakinlərinin ölkə ərazisində yaşayışının miqrasiya qanunvericiliyi və Azərbaycan vətəndaşlığı haqqında qanunvericilik əsasında leqallaşması, həmçinin onların fərdi qaydada, yaxud Soydaşların könüllü köçürülməsinə dəstək Dövlət Proqramı əsasında Rusiya ərazisinə köçürülməsi təklif olunub.

Məsləhətləşmələrdə həmin kəndin sakinləri tərəfindən fərdi qaydada qərar qəbul etməyə şərait yaratmaq və xarici destruktiv qüvvələrin bu prosesə qarışmasının qarşısını almaq üçün aktiv əməkdaşlıq etmək haqqında razılığa gəlinib.

Dünən Azərbaycan və Rusiya nümayəndələri Xrax-Uba yaşayış məntəqəsində olublar, kənd sakinləri ilə görüşüb, onlara yaranmış vəziyyətdən çıxış yollarını başa salıb və bununla bağlı təşkilatı və hüquqi aspektlər barədə məlumat veriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar