Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır
27 İyul 2011 Çərşənbə 22:18
Ölkəmiz bu təşkilata qarşı mübarizədə həmişə olduğu kimi Türkiyənin yanındadır.
Türkiyədə keçirilən parlament seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycana reallaşdıran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək, sonra isə geniş tərkibdə görüşlər keçirdi. Bir saatdan artıq davam edən təkbətək görüşdə hər iki lider bütün məsələləri müzakirə etdiklərini dedilər. Türkiyənin baş naziri geniş tərkibli görüşdə bildirdi ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı Türkiyədə keçiriləcək. Sonra mətbuat qarşısına çıxan liderlər açıqlamalarını etdilər.
İlham Əliyev iyulun 14-də Diyarbəkirdə 13 türk əsgərinin şəhid olması ilə nəticələnən terror aktını pislədi. O bildirdi ki, Azərbaycan PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyir: “Biz dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik. Mən demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və bu təşkilata qarşı mübarizədə həmişə olduğu kimi Türkiyə dövlətinin və Türkiyə xalqının yanındadır”.
Dövlət başçısı bildirib ki, Azərbaycan terrorçuluğun bütün formalarını qətiyyətlə pisləyir: “Tam əminik ki, terrorçuluğa qarşı mübarizə ancaq o təqdirdə səmərə verər ki, dövlətlər öz səylərini birləşdirsinlər”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə çıxışında vurğuladı ki, İlham Əliyevin türk şəhidlərinə olan ehtiramı və PKK terror təşkilatına qarşı qəti mövqeyindən qürur duyur. O bildirib ki, bununla bağlı Azərbaycam prezidentinə təşəkkür edir: “Bu bizim qardaşlığımızın, birliyimiz ifadəsidir”.
Türkiyənin baş naziri dedi ki, danışıqların əsas prioritenini Dağlıq Qarbağ münaqişəsnin həlli yolları təşkil edib. O, Azərbaycan prezidenti tərəfindən danışıqların indiki mərhələsi barədə məlumatlandırıldığını bildirib.
Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı ərazi iddialarına da münasibət bildirdi. Ermənistan prezidentinin üzr istəməli olduğunu deyən baş nazir bildirib ki, Sarkisyan çox böyük səhv edib: “Kin və nifrətə özü-özünü köklədir. Sarkisyan bunu bilməlidir ki, hazırda Dağlıq Qarabağda bir işğal var. İşğalçıların kim olduğu məlumdur. Bunu təkcə biz demirik. Münaqişənin nizamlanmasına yanlış yanaşma Ermənistana məxsusdur. Belə bir üslub ola bilərmi? Bu nə deməkdir? Ermənistan istədiyi vaxt Türkiyə ilə müharibəyə də başlaya bilər, belə bir dövlət adamı olar? Sarkisyan çox böyük səhv edib, bu səhvi düzəltməsi, üzr istəməsi lazımdır ”.
Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, o, Sarkisyandan başqa bir şey gözləmirdi. Prezident vurğulayıb ki, dəfələrlə onunla görüşüb və onun düşüncə tərzinə bələddir: “Əslində, bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran içindədir. Yoxsulluq, səfalət, ümidsizlik. Dağlıq Qarabağ bunlara azlıq təşkil edir. Onlar hesab edir ki, Dağlıq Qarabağ məsələsini artıq onlar həll ediblər. Amma yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı qalır və Azərbaycan öz suverenliyini Dağlıq Qarabağ üzərində bərpa edəcək. Bu vaxt gələcək, ya barış yolu, ya da hərb yolu ilə”.
Türkiyəli jurnalistləri maraqlandıran sual isə viza rejiminin ləğvi ilə bağlı oldu. İlham Əliyevin cavabı konkret oldu: “Hələlik Azərbaycan buna hazır deyil, hazır olanda, viza rejimini ləğv edəcəyik”. Türkiyə ilə Azərbaycan arasında imzalanan qaz müqaviləsinin şərtlərinin həyata keçmədiyi barədə suala isə Ərdoğan dedi ki, sabah bu məsələni nazirlər geniş müzakirə edəcəklər. Dövlət başçıları mətbuata onu da bildirdilər ki, onlar hərbi, ticarət, iqtisadi, sosial, mədəni və regional mövzuları dərindən təhlil ediblər. Türkiyənin baş naziri bu gün həmçinin Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edərək əklil qoydu.
Türkiyə baş nazirinin Bakını bu gecə saat 23:00 radələrində tərk edəcəyi bildirlir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: