Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb
21 Dekabr 2011 Çərşənbə 20:14
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb.
APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, sərəncamda bildirilir ki, Sumqayıt şəhərində yaradılacaq Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.
Fərmanda İqtisadi İnkişaf Nazirliyinə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkilini, ərazilərdə mövcud olan köhnə qurğuların sökülməsini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək tapşırılıb. Bundan başqa Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, güzəştli kreditlərin verilməsi, habelə məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi təmin edilməlidir.
Fərmana əsasən Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, parkda yerləşəcək istehsal sahələrinin qurulması üçün icazə sənədlərinin alınması, layihələrin hazırlanması, razılaşdırılması, infrastruktur təminatı və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin tabeliyində “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Bundan başqa Nazirlər Kabinetinə üç ay müddətində Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsini təmin etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Fərmanın digər bəndinə əsasən, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə sənaye parkında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.
Fərmanda qeyd olunur ki, ARDNŞ kimya sənayesi potensialının artırılması, bu sahədə özəl müəssisələrin təşkili və yerli xammaldan rəqabət qabiliyyətli məhsullar alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkında kimya sənayesinə aid istehsal və emal sahələrinin yaradılmasını və inkişaf etdirilməsini dəstəkləyən tədbirlər həyata keçirməlidir. Həmçinin Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görməlidir.
Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkilini, ərazilərdə mövcud olan köhnə qurğuların sökülməsini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar