Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Çikaqoda sammitinə dəvət olunub
10 Fevral 2012 Cümə 13:03
Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Çikaqoda keçiriləcək sammitinə dəvət olunub.
APA-nın məlumatına görə, bu barədə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib.
O Azərbaycana səfəri zamanı Azərbaycan prezidenti ilə görüşdüyünü və NATO ilə Azərbaycan arasında əməkdaşlığın müzakirə olunduğunu deyib: “Biz çox məhsuldar görüş keçirdik və əməkdaşlığı genişləndirmək niyyətimizi bir daha təsdiqlədik. Görüşdə Əfqanıstana yüklərin daşınmasında Azərbaycanın mühüm rolu qeyd edildi”.
Ceyms Appaturay Azərbaycan prezidentinin dəvət aldığı NATO-nun Çikaqo sammitində İSAF ölkələrinin nümayəndələri ilə görüşlər keçiriləcəyini deyib: “Biz artıq İPAP-ın üçüncü mərhələsinin icrasına dair saziş imzalamışıq. Azərbaycan-NATO əməkdaşlığının bütün sahələrinin qarşılıqlı maraqlara cavab verdiyinə əmin olmaq üçün bu məsələləri yaxın gələcəkdə də müzakirə edəcəyik”.
NATO xüsusi nümayəndəsinin Bakıda keçirdiyi görüşlərdə Azərbaycandan keçməklə Əfqanıstana yüklərin daşınması məsələsi geniş müzakirə olunub. Ceyms Appaturay bildirib ki, Əfqanıstana aparılan NATO yüklərinin 30 faizi Azərbaycan ərazisində keçməklə daşınır: “Prezident məni əmin etdi ki, Azərbaycan gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacaq”.
C. Appaturay görüş zamanı texniki məsələlərin, o cümlədən AWACS uçuş sistemlərinin Azərbaycanın hava məkanından istifadə etməklə Əfqanıstana aparılması məsələsinin müzakirə olunmadığını deyib.
“İndi NATO üçün elə bir dövr başlayıb ki, yaxın 2-3 il ərzində alyansa təkcə Əfqanıstana yük daşımaq yox, oradan yükləri daşımaq da lazım gələcək. Azərbaycan prezidenti məni əmin etdi ki, Azərbaycan bu məsələdə NATO-nu dəstəkləyir”.
Jurnalistlərin suallarını cavablandıran Appaturay bildirib ki, səfər zamanı Azərbaycanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı müzakirə aparılmayıb.
DOSTLARINLA PAYLAŞ: