Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt bəyanatlar verdi
17 Yanvar 2012 Çərşənbə Axşamı 00:26
“Heç kim düşünməsin ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcək. Bu olmayacaq!”.
Əfsuslar olsun ki, 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2011-ci ildə heç bir nəticə olmayıb. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib. Dövlət başçısının sözlərinə görə, bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır: “Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışıb. Danışıqlar əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olub. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan edib. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat sadəcə olaraq bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaq”.
Prezident bəyan edib ki, münaqişənin həllinin iki yolu var - danışıqlar yolu və hərb yolu: “Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyil və olmayacaq. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcək. Bu olmayacaq! Mən nə üçün bunu deyirəm? Çünki 2011-ci ildə həmsədrlər tərəfindən, xüsusilə ilin ikinci yarısında biz daha çox etimad tədbirlərinin gücləndirilməsinə, atəşkəs rejiminin pozulmamasına yönələn hərəkətləri və təşəbbüsləri görmüşük, nəinki danışıqların mahiyyətinə yönələn diqqəti. Biz də istəmirik ki, müharibə olsun. Ancaq bunun yolu var. O yol da hamıya bəllidir. Biz əvvəlki dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında iki tərəfə verilmiş təkliflərə prinsip etibarilə razılığımızı vermişik. Bu prinsipləri biz yox, həmsədrlər ortaya qoymuşlar. Əgər o prinsiplər hələ də qüvvədədirsə, onda bu münaqişə öz həllini tapa bilər. O prinsiplər haqqında mən ictimaiyyətə kifayət qədər məlumat vermişəm. Sadəcə olaraq bir daha əsas məqamları təkrarlamaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcək. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcək. Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa məsələ tezliklə öz həllini tapa bilər. Bununla bərabər, o da heç kimə sirr deyil ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq. 2010-cu ildə bu rəqəmləri mən dəqiq xatırlayıram, başqa rəqəmləri də xatırlayıram. Amma bu rəqəmləri yaddaşımda xüsusilə dəqiq saxlayıram - 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə 3 milyard 474 milyon. Yəni, təxminən eyni rəqəmdir. İki ildə görün, biz ordu quruculuğuna nə qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə etsək, biz də görərik və hamı da görər ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik”.
İlham Əliyev deyib ki, bunu qarşı tərəf də bunu bilir: “Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş var. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçıblar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər. Bizim hərbi potensialımız daha da artmalıdır. Biz indi hərbi xərcləri yüksək səviyyədə saxlayırıq. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində indi demək istəmirəm, amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaq və məsələnin həlli üçün biz az itkilərlə daha da böyük uğurlar əldə edə bilərik. Ancaq yenə də deyirəm, Azərbaycan sülhsevər dövlətdir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq onu da bilirik ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur”.
DOSTLARINLA PAYLAŞ: