Azərbaycan Polisinin 92 yaşı oldu
02 İyul 2010 Cümə 01:20
Qarabağ müharibəsində 932 şəhid verən daxili işlər orqanları əməkdaşları bu gün peşə bayramlarını qeyd edirlər.
Azərbaycan Daxili İşlər Nazirliyinin yaradılmasından 92 il ötür. 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub.1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə edib, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənib.
1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülüblər.
Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilib, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatının - İnterpolun üzvlüyünə qəbul olunmuş və həmin il noyabr ayının 24-də Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu təsis edilib.
Daxili işlər orqanlarının ali təhsilli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli Qərarına əsasən N. Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə, Nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilib.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, 2004-cü ildə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılıb.
İyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmanla qeyd olunur.
Ötən 92 il ərzində daxili işlər naziri vəzifəsini tutanlar:
- Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 - 17.06.1918)
- Behbudxan Cavanşir (17.06.1918 - 26.12.1918)
- Xasməmmədov Xəlil bəy (26.12.1918 - 16.06.1919)
- Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 - 22.12.1919)
- Hacınski Məmmədhəsən (22.12.1919 - 15.02.1920)
- Vəkilov Mustafa bəy (15.02.1920 - 28.04.1920)
- Sultanov Həmid Həsən oğlu (28.04.1920 - 01.06.1921)
- Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 - 22.05.1927)
- Rizayev Novruz Kərim oğlu (22.05.1927 - 10.07.1929)
- Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 - 05.02.1941)
- Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 - 01.06.1943)
- Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 - 06.06.1953)
- Quskov Anatoliy Mixayloviç (08.08.1953 - 25.03.1954)
- Buliqa İvan Yefistovyeviç (30.04.1954 - 10.07.1956)
- Kərimov Əli Həbib oğlu (11.08.1956 - 05.02.1960)
- Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 - 05.01.1965)
- Əlizadə Məmməd Əli oğlu (05.01.1965 - 19.03.1970)
- Heydərov Arif Nəzər oğlu (19.03.1970 - 20.07.1978)
- Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 - 06.04.1987)
- Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 - 09.05.1990)
- Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 - 18.11.1991)
- Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 - 20.02.1992)
- Əliyev Tahir Yunus oğlu (24.02.1992 - 25.05.1992)
- Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 - 16.04.1993)
- Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 - 25.06.1993)
- Novruzov Vaqif Yusif oğlu (07.07.1993 - 29.04.1994)
- Usubov Ramil İdris oğlu (29.04.1994). ANSPRESS
DOSTLARINLA PAYLAŞ: