Azərbaycan paytaxtında yanvarın 19-dan 20-nə keçən gecə qar yağacaq, yollar buz bağlayacaq
17 Yanvar 2012 Çərşənbə Axşamı 15:30
Umayra Tağıyeva: Artıq bununla əlaqədar təşkilatlara müvafiq xəbərdarlıqlar göndərilib.
. “Bir çox Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda yanvar ayının 5-dən 16-dək bu ay üçün mülayim keçən hava şəraiti üstünlük təşkil edib. Atmosfer sirkulyasiyasında belə bir vəziyyət yaranmışdı ki, hava şəraitini cənubdan hərəkət edən nisbətən mülayim hava kütlələri təyin edirdi. Buna görə də temperaturun aşağı enməsinə münbit şərait yox idi. Amma artıq bu gündən başlayaraq Azərbaycanda Şimal-Qərb küləyinin güclənməsi nəticəsində temperaturun aşağı enməsi müşahidə olunur”. Bu açıqlamanı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində havalar soyuq keçəcək: “Ötən günlərə nisbətən temperatur 5-10 dərəcə aşağı enəcək. Yanvarın 18-də şimal və qərb rayonlarından başlayaraq hava şəraiti yağıntılı keçəcək. Bəzi rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı regionlarda yağıntıların intensiv və güclü olacağı proqnozlaşdırılır”.

U. Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarımadasında da yanvarın 18-i axşamdan başlayaraq hava yağmurlu keçəcək. Ayın 19-da yağışın bəzi yerlərdə sulu qara keçməsi, Yanvarın 20-nə keçən gecə isə qarla əvəz olunması gözlənilir: “Ötən günlərə nisbətən temperatur 8 dərəcəyədək aşağı enəcək. Yanvarın 19-dan 20-nə keçən gecə isə 0-2 dərəcə şaxta olacağı gözlənilir. Bu proses paytaxtda şimal küləyinin güclənməsi ilə müşayiət olunacaq. Respublikanın rayonlarında da gözlənilən bu cür soyuq və qarlı hava şəraiti ilə əlaqədar olaraq gecə və saat saatlarında yolların buz bağlaması ehtimal edilir. Artıq bununla bağlı əlaqədar təşkilatlara müvafiq xəbərdarlıqlar göndərilib”.

U. Tağıyevanın sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti yanvarın 21-dək davam edəcək: “Ayın 21-də yağış kəsiləcək. Amma buna baxmayaraq yanvar ayının 3-cü ongünlüyünün birinci yarısında temperaturun yüksəlməsi gözlənilmir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar