Azərbaycan parlamenti Fransa Senatına müraciət edib
30 Dekabr 2011 Cümə 14:14
"Belə bir qanunun qəbulu həmsədr kimi Fransanın obyektivliyini şübhə altına alacaq".
Azərbaycan Milli Məclisi Fransa parlamentinin aşağı palatasında qondarma "erməni soyqırı"nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsi ilə bağlı Senata müraciət qəbul edib. Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında deputat Sahibə Qafarovanın oxuduğu müraciətdə Fransa parlamentinin qəbul etdiyi qərarın Azərbaycanı son dərəcə narahat etdiyi vurğulanır.

"Biz Sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırırq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməli olan insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlıqlarına zidd olacaq", - müraciətdə bildirilir.

Müraciətin mətnində qeyd olunur ki, lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduqlarına görə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb. Bütün bunlar nəzərə alınarsa, tarixi hadisələrə birtərəfli mövqe ilə qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliklərə gətirib çıxara bilər", - müraciətdə deyilir.

Müraciətdə qeyd olunub ki, belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaq.

"Ona görə də Azərbaycan Milli Məclisinin üzvləri Fransa Senatındakı həmkarlarını adıçəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olmağa çağırır", - müraciətdə deyilir.

Müraciət parlamentdə səsə qoyularaq qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar