Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edib
04 İyun 2013 Çərşənbə Axşamı 11:55
İlham Əliyev "Xəzər Neft-Qaz" sərgisində çıxış edib.
Bu gün "Xəzər Neft-Qaz" sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir və 20 il ərzində bu sərgi hər il daha çox şirkətlər cəlb etmişdir və mənə verilən məlumata görə, bu dəfə 400-ə yaxın şirkət bu sərgidə iştirak edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər Neft və Qaz 2013" sərgisinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, 20 il keçməsinə baxmayaraq sərgi öz əhəmiyyətini itirməyib, əksinə, bu əhəmiyyət daha da artmışdır: "Əsas neft və qaz müqavilələrinin artıq imzalanmasına, xarici şirkətlərin Azərbaycanda uzun illər ərzində uğurla fəaliyyət göstərmələrinə baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Və əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin sərgiyə göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. 20 il ərzində Azərbaycan böyük bir yol keçmişdir, Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. 20 il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik və sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən, Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatları yox idi. Və biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik, necə olacaq, Azərbaycan necə inkişaf edəcək. Baxmayaraq ki, 90-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdir".

İlham Əliyevin sözlərinə görə, məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib, Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edib, müstəqilliyini möhkəmləndirə bilib: "Azərbaycan beynəlxalq əməldaşlıq üçün çox gözəl məkandır. Növbəti illər ərzində də bizim dəqiq, konkret planlarımız var. 20 il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı sadəcə olaraq proqramlar, niyyətlər var idi. Əlbəttə, "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisə idi, dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə "Əsrin müqaviləsi" adı verilib. İndi, 21-ci əsrdə biz deyə bilərik ki, bu iki əsrin müqaviləsidir. Çünki bu gün də "Azəri-Çıraq-Günəşli" yataqları üzrə imzalanmış müqavilə öz əhəmiyyətini itirmir. Əksinə, bu müqavilənin icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır. "Əsrin müqaviləsi"nin əhəmiyyəti haqqında kifayət qədər danışılıb, deyilib, təkrar etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq, Azərbaycan Xəzər dənizini birgə işləmək üçün xarici şirkətlər üçün açıb. Və ilk dəfə olaraq, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılıb ki, bu da öz növbəsində bu gün digər layihələrin uğurlu inkişafına təkan verib".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda böyük təcrübə toplayıb: "Azərbaycanda "Əsrin müqaviləsi"nin icrası nəticəsində digər sektorlarda da canlanma baş verib. Çox gözəl investisiya iqlimi yaradılıb və bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir. Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə bəzi təhlilçilər tərəfindən deyilən Azərbaycanı "holland sindiromu" yaxud da ki, "neft lənəti" gözləyir kimi fikirlərin heç biri reallaşmadı. Çünki bizim düşünülmüş siyasətimiz vardır və bizim siyasətimiz tam şəkildə Azərbaycan xalqının maraqlarını təmin edir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar