Azərbaycan müsəlman ölkələrindən dəstək istədi
18 May 2010 Çərşənbə Axşamı 20:20
Elmar Məmmədyarov 2013-cü ildə İslam Konfransı Sammitinin Bakıda keçirilməsi təklifini dəstəkləməyə çağırıb.
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 17-də Tacikistan Respublikasının paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatının Xarici işlər nazirlərinin 37-ci sessiyasında çıxış edib. XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə danışan nazir E.Məmmədyarov İKT-ın bu təcavüzün nəticələrinin aradan qaldırılmasında verdiyi mühüm dəstəyə görə İslam İcmasına və İKT-nin Baş Katibinə Azərbaycanın dərin təşəkkürünü çatdırıb.
Nazir E.Məmmədyarov nüvə zənginləşdirilməsi məsələsində Türkiyə, İran və Braziliya arasında əldə edilmiş razılığa dair səsləndirilmiş təbriklərə qoşulduğunu da deyib.
Azərbaycanın İslam sivilizasiyasının ayrılmaz hissəsi olduğunu və 1991-ci ildə keçmiş SSRİ-nin müsəlman respublikaları arasından İKT-yə üzv olmaq üçün birinci məhz Azərbaycanın müraciət etdiyini xatırlayan nazir İKT ilə əlaqələrin geniş formada inkişaf etdirilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Keçən il Azərbaycanın 2013-cü ildə İslam Konfransı Sammitinin Bakıda keçirilməsini təklif etdiyini deyən E.Məmmədyarov müsəlman ölkələrini bu təklifi dəstəkləməyə çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: