Azərbaycan Milli Məclisində ABŞ-a etiraz bildiriləcək
11 Dekabr 2009 Cümə 15:00
Azərbaycan Milli Məclisində ABŞ Konqresinin Dağlıq Qarabağa maliyyə yardımı ayırmasına etiraz bildiriləcək.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat deyib ki, on illərdir, davam edən bu proses haqlı narazılıqlar yaradır. Onun sözlərinə görə, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa ayrılan bu yardımlar öz təyinatı üzrə istifadə olunmur, burada fəaliyyət göstərən hərbi xuntanın azğınlığını daha da artırır.

Z. Oruc deyib ki, digər tərəfdən ABŞ-ın Dağlıq Qarabağa yardım ayırması bu ölkənin üzərinə götürdüyü vasitəçilik missiyasının statusuna uyğun deyil: “Biz Milli Məclisdə məsələ qaldırıb, ABŞ-dan Dağlıq Qarabağa göstərdiyi yardımları dayandırmasını istəyəcəyik. Baş verənlər münaqişənin həllinə mənfi təsir göstərir”.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası və Senat 2010-cu ildə Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul edib. Paketdə Ermənistana 41 milyon dollar, Dağlıq Qarabağa isə 8 milyon dollar məbləğində iqtisadi yardım əksini tapıb.

Xatırladaq ki, Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş bölgəsidir. Hazırda bu bölgədə özünü müstəqil dövlət elan etmiş separatçı rejim mövcuddur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar