Azərbaycan Kürün daşmasına görə İranı günahlandırıb
07 May 2010 Cümə 16:15
Sabirabad və Şirvan rayonları arasında nəqliyyat əlaqəsi kəsilib.
Kür çayının daşması nəticəsində Azərbaycanın Sabirabad və Şirvan rayonları arasında nqəliyyat əlaqəsi kəsilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, əsas yolda suyun səviyyəsi 1 metrdən hündürdür. Hazırda sürücülər alternativ yollardan istifadə etsələr də, bir neçə saatdan sonra bunun da mümkün olmayacağı bildirilir.

Sabirabadın daha bir neçə kəndində sel təhlükəsi yaranıb. Rayondakı gərgin vəziyyət davam edir.

Qeyd edək ki, bu gün saat 03:00 radələrində Kür çayı Şirvan şəhərinin Bayramlı qəsəbəsində bəndləri yuyaraq Şirvanı və Sabirabadı basıb. Sabirabadın Dadaşbəyli kəndinin əhalisi tamamilə köçürülüb. Bir neçə ev uçub. Kənd tamamilə sel suları altında qalıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə isə APA-ya bildirib ki, bu gün Kürdə daşqınların baş verməsinin səbəbi işğal altında olan Azərbaycan ərazisindəki “Xudafərin” su anbarından Araz çayına suyun normadan artıq buraxılmasıdır. Onun sözlərinə görə, İran tərəfi dünən suyu normadan artıq buraxdığına görə, Araz çayında suyun səviyyəsi kəskin artıb, bu isə Arazda və Kürdə daşqınlara səbəb olub.

Ə. Əhmədzadə hazırda Kürün daşması nəticəsində gərgin vəziyyətin yarandığı Şirvan şəhərinin Bayramlı qəsəbəsində və Sabirabad rayonunda bəndlərin betonla bərkidiləcəyini, əraziyə torpaq töküləcəyini və daşqınların qarşısının alınacağını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar