Azərbaycan Kosmik məsələlər üzrə Şurasının iclası keçirilib
08 İyul 2011 Cümə 17:26
Azərbaycan Milli Aviasiya Akademiyasında Kosmik məsələlər üzrə Şuranın növbəti iclası keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda şuranın sədri akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülvi Seyidzadə, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Milli Aerokosmik Agentliyin direktoru Alçın Şirinzadə, RİTN-in Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdiri və Kosmik məsələlər üzrə Şuranın Katibliyinin rəhbəri Mirheydər İsmayılov və “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov iştirak ediblər.
Kosmik məsələlər üzrə Şuranın sədri Arif Paşayev kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib və bu istiqamətdə aparılan işlərə dair öz tövsiyələrini verib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şuranın iclasında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqeyinin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər barədə geniş məlumat verib.
İclasda “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üzrə ABŞ-ın “Orbital Sciences Corporation”, Malayziyanın “Measat” və Fransanın “Arianespace” şirkətləri ilə bağlanmış müqavilələrin yerinə yetirilməsi barədə geniş təqdimatla çıxış edib.
Kosmik məsələlər üzrə şuranın katibliyinin rəhbəri Mirheydər İsmayılov kosmik sahədə beynəlxalq əməkdaşlığın, beynəlxalq təşkilatlara üzv olmağın və konvensiyalara qoşulmağın vacibliyini qeyd edərək bu istiqamətdə atılan addımlardan danışıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: