Azərbaycan korrupsiyaya ən böyük zərbə olan kart sisteminə niyə ləng keçir?
16 İyul 2011 Şənbə 13:09
Ödənişin nağd qaydada aparılmaması bəzi işbazların “bazarını bağlayacaq”.
Bir neçə gün bundan əvvəl mağazalardan birinə alış-verişə getmişdim. Lazım olan məhsulları aldıqdan sonra satıcı aldığım malları hesablayıb ümumi məbləği söylədi – 25 manat 53 qəpik. Satıcıya 26 manat verdikdən sonra o, kassada xırda pulun olmamasını və mənə 47 qəpik əvəzinə 40 qəpik qaytaracağını bildirdi. Başqa əlacım olmadığından razılaşdım. Ancaq bir anda beynimdən belə fikir keçdi “satıcı gün ərzində mənim kimi hər alıcıdan 7 qəpik artıq alarsa, gör bu, günün sonunda nə qədər məbləğ edəcək”.
Görəsən, alıcıların hüquqlarının bu cür pozulmasından hər hansı çıxış yolu varmı? Güman edirəm ki, var. Əgər həmin mağazada pos-terminal quraşdırılsaydı və mən ödənişi nağd deyil, kartla həyata keçirsəydim, o zaman belə halla rastlaşmazdım. Məlumat üçün bildirim ki, pos-teminal ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin ödənilməsi, habelə nağd pulun alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. Pos-terminal ticarət nöqtəsində qurulur və onun köməyi ilə plastik kartdan informasiyanı oxumaq və bankla əlaqə yaradaraq əməliyyatın keçirilməsini təsdiq etmək mümkündür. Bunun üçün həmin obyektdə müvafiq rabitə vasitəsi də olmalıdır.
Bu məsələyə aydınlıq gətirmək və ilk növbədə ödənişin kartla həyata keçirməsininn sadə vətəndaşlarımıza nə dərəcədə faydalı olacağını müəyyənləşdirmək üçün
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyevlə əlaqə saxlamaq qərarına gəldim.
“Kartla ödənişə keçid rüşvətxorluq hallarını azaldacaq”
Oqtay Haqverdiyev Almaniya, Fransa və digər bu kimi inkişaf emiş Avropa ölkələrində pul kütləsinin Ümumi Daxili Məhsulla (ÜDM) nisbətdə təxminən 70-90 faiz olduğunu bildirir. Onun sözlərinə görə, bu pulların 90 faizi bank sisteminin özündə olur. İqtisadçı inkişaf etmiş Avropa ölkələrində əhalinin pulunun daha çox kartda olduğunu bildirir.
“Azərbaycana gəldikdə isə pul kütləsinin ÜDM-ə nisbəti son vaxtlar artaraq 15 faizə bərabər olub. Əvvəllər isə bu rəqəm 10-12 faiz idi. Bizim kimi hələ inkişaf etməkdə olan ölkələrdə pul kütləsinin ÜDM-yə olan nisbəti heç olmasa 30 faiz olmalıdır. Statistik rəqəmlərə fikir versək görərik ki, respublikada olan pul kütləsinin 58-60 faizi bank sistemindən qıraqda, əhalidədir. Ölkəmizdə əsasən təqaüdçülər və dövlət qulluqçuları kartla məvacib alırlar. Ancaq həmin insanlar ödənişləri kart vasitəsilə həyata keçirə bilmirlər. Biri elə mənim özüm… Mən mağazaya, bazar gedəndə pos-terminalların olmaması səbəbindən ödənişi nağd yolla etmək məcburiyyətində qalıram”, - deyə Oqtay Haqverdiyev bildirib.
İqtisadçı-ekspert pul kütləsinin əllərdə nə qədər çox olarsa, bir o qədər nəzarətdən qıraqda olduğunu hesab edir.
“Əllərdə olan pulun istifadəsinə dövlət nəzarət edə bilmir. Ola bilər ki, həmin pul kütləsi hətta qeyri-qanuni fəaliyyətdə istifadə olunsun. Alış-veriş kart vasitəsilə həyata keçiriləndə isə təbii ki, dövlət nəyin alındığını və nəyin satıldığına nəzarət etmiş olur”, - deyə Oqtay Haqverdiyev qeyd edib.
İqtisadçı-ekspert vətəndaşlarımızın daha çox nağd yolla alış-veriş etməsinə üstünlük vermələrini mentalitetlə əlaqələndirir: “Bu həm psixoloji faktor, həm də mentalitetlə bağlı olan bir məsələdir. Əvvəllər təqaüdçülər heç ağıllarına da gətirməzdilər ki, təqaüdlərini kartla alacaqlar. Onlar saatlarca növbə gözləyirdilər, sonradan bir-iki manat da kassirə pul verirdilər ki, öz halal təqaüdlərini ala bilsinlər. Ancaq gördüyünüz kimi, kart sisteminə keçid həyata keçirildi. Necə ki, biz mobil telefondan, kalkulyatordan istifadəyə öyrəşmişik. Vaxt gələcək ki, kart vasitəsilə ödəniş etməyi də öyrənəcəyik. Əgər hər yerdə pos-terminallar quraşdırılsa, vətəndaşlarımız kart vasitəsilə ödəniş etməyi öyrənsələr, nağd ödəniş yavaş-yavaş aradan çıxacaq”, - deyə Oqtay Haqverdiyev vurğuladı.
İqtisadçı-ekspert kart sistemindən istifadəyə keçidin ölkədə rüşvətxorluğa zərbə vuracağını da hesab edir. “Mağazalara, ticarət obyektlərinə ümumiyyətlə digər obyektlərə pos-terminallar quraşdırılsa, pul-kütləsi kart vasitəsilə dövriyyədə olsa rüşvətxorluq, korrupsiya nisbətən azalacaq. Bu özü korrupsiya ilə mübarizənin bir hissəsidir”, - deyə Oqtay Haqverdiyev bildirib.
Göründüyü kimi iqtisadçı-ekspert də kart vasitəsilə ödənişə keçidin rüşvətxorluq hallarının qarşısını alacağını hesab edir. Belə olan halda sadə vətəndaşlarımız bu cür ödəniş vasitəsinin ölkəmizdə daha geniş tətbiq edilməsində maraqlı olmalıdırlar. Bu ilk növbədə vətəndaşlarımızın maraqlarını təmin edəcək bir məsələdir.
Respublikada kartla ödənişə keçidin nə səviyyədə olması və müvafiq obyektlərdə pos-terminalların quraşdırılması işini həyata keçirən rəsmi qurumlarla da əlaqə saxladıq.
Bu ilin ilk 6 ayında Bakı şəhərində 3 mindən artıq pos-terminal quraşdırılıb
Vergilər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin əvvəlindən ölkəmizdə fəaliyyət göstərən ticarət və xidmət sahələrində pos terminalların quraşdırılması işi daha da sürətlənib. Vergilər Nazirliyi, Mərkəzi Bank bu ilin ilk 6 ayında təkcə Bakı şəhərində 3 mindən artıq yeni pos-terminal quraşdırıb.
Nazirlikdən bildirildi ki, bu ildən başlayaraq, stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan pos-terminalların ölkəmizə gətirilməsi üçün banklarla danışıqlara başlanılıb, artıq belə aparatların bir qismi gətirilərək obyektlərdə quraşdırılması təmin edilib.
Ölkə prezidentinin “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiq edilməsi barədə 24 noyabr 2010-cu il tarixli Fərmanı ilə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyi Mərkəzi Bankla intensiv şəkildə iş aparır. Bu məqsədlə Vergilər Nazirliyi və Mərkəzi Bankın nümayəndələrindən ibarət İşçi qrupu da yaradılıb. İşçi qrup tərəfindən artıq bu sahədə beynəlxalq təcrübə araşdırılaraq mövcud vəziyyətin qiymətləndirilməsi həyata keçirilib, nəğdsız ödənişlərin stimullaşdırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq aidiyyatı üzrə təqdim edilib.
Hazırda həmin təkliflərə baxılmaqdadır. Bu təkliflərin sırasında pos-terminallardan istifadə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinə müxtəlif vergi güzəştləri vermək də daxil olmaqla geniş spekterdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Vergilər Nazirliyindən həyata keçiriləcək bu tədbirlərin iqtisadi münasibətlərdə şəffaflığın artmasına, korrupsiyaya şərait yaradan amillərin aradan qalxmasına, kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli təkan verəcəyini güman edirlər.
Qeyd edək ki, artıq ölkəmizdə fəaliyyət göstərən bəzi şirkətlər kartla ödəniş sistemini tətbiq etməyə artıq başlayıblar. Texnologiyanın son nailiyyətlərini tətbiq edən şirkətlər sırasında ANS Şirkətlər qrupu da var. ANS 5 ildən çoxdur ki, kartla ödəmə sistemini həyata keçirir.
Bakıda pos-terminalların sayı hər gün artır
Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin 4-cü ayına olan rəqəmə görə, Bakıda 8576, regionlarda isə 859 pos-terminal fəaliyyət göstərir. Qeyd edək ki, bu göstərici bu ilin 3-cü ayında Bakı üzrə 8027, regionlarda 830, 2-ci ay üçün Bakı üçün 7175, regionlar üçün 808 təşkil edirdi.
Mərkəzi Bank deyir ki, hər ay Bakıda və regionlarda quraşdırılan pos-terminalların sayı artır. Müqayisə üçün bildirdilər ki, 2006-cı ildə Bakıdakı pos-terminalların sayı 1719, regionlarda isə 351 ədəd idi. 2011-ci ilin 4-cü ayına olan göstəriciyə görə, bir pos-terminala düşən əməliyyatın orta aylıq göstəricisi 15,1-ə bərabərdir. Bir ayda pos-terminalda edilən əməliyyatın həcmi isə 3370,9 manata bərabərdir.
Sonda onu deyək ki, bu statistik rəqəmlər nə qədər çoxalsa da biz reallığı görmək istərdik. Çünki, bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, kartla ödənişə keçid ölkədə rüşvətxorluq hallarının azalmasına və alıcıların mağazalarda və xidmət obyektlərində xoşagəlməz hallarla rastlaşmasının qarşısını alacaq.anspress
DOSTLARINLA PAYLAŞ: