Azərbaycan iki mülki erməninin qaytarılması üçün BQXK-ya müraciət edib
19 Mart 2013 Çərşənbə Axşamı 09:24
İki mülki erməninin qaytarılmasının nə zaman baş tutacağının münaqişə tərəflərindən asılı olduğunu bildirilir.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası iki erməni mülki şəxsin geri qaytarılmasında vasitəçi olmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edib.
Bu barədə ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Bu xəbəri təsdiq edən İ. Hüseynova BQXK mandatına uyğun olaraq fəaliyyətə hazır olduğunu bəyan edib. O, həmçinin iki mülki erməninin qaytarılmasının nə zaman baş tutacağının isə münaqişə tərəflərindən asılı olduğunu bildirib.
Xatırladaq ki, Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı saat 16.50-də, Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-si saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.
DOSTLARINLA PAYLAŞ: