Azərbaycan hökuməti beynəlxalq qurumlara müraciət edəcək
29 Mart 2011 Çərşənbə Axşamı 16:28
“Yaponiyada baş verən zəlzələdən və Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra bütün dünya ölkələri öz AES-lərini təhlükəsizlik baxımından yoxlamadan keçirirlər.
Azərbaycan hələ 2002-ci ildə Ermənistandakı Metsamor AES-in fəaliyyəti ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edib. Beynəlxalq agentlik əla bilir ki, bu tipli reaktorların təhlükəlilik dərəcəsi nə qədərdir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. O qeyd edib ki, Azərbaycanla yanaşı, digər qonşu ölkələr də Metsamor AES-lə əlaqədar öz mövqeyini bildirməlidir: “Metsamor AES reaktorlarının ömrü 30 ildir, bu müddət isə 2010-cu ildə başa çatıb. Bu reaktor bizim müraciətimiz olmadan da dünya ictimaiyyətinin diqqət mərkəzində olmalıdır. Ermənistan hökuməti öz xalqını sevirsə, bu məsələyə diqqətlə yanaşmalıdır. Çünki reaktorda hər hansı hadisə baş verərsə, Ermənistanın bütün ərazisi və qonşu ölkələr radiasiya təsirinə məruz qalacaq. Beynəlxalq qurumlar bu məsələyə reaksiya verməlidir. Qonşu ölkələr də bu məsələyə ciddi yanaşmalıdır. Türkiyə Metsamor AES-dən 17 km məsafədə yerləşir. Azərbaycanın bununla bağlı etirazını Ermənistan birmənalı qəbul etməyəcək. Amma həqiqətən də Metsamor AES bütün bölgə üçün təhlükəlidir”.
A. Qəribov bəyan edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda tikiləcək yeni reaktorla bağlı yaxın vaxtlarda beynəlxalq qurumlara müraciət edəcək: “Mən MDB-nin atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyasında Azərbaycanın təmsilçisi kimi bu məsələni qaldırmışam. Bu etiraz təkcə Azərbaycan tərəfindən deyil, transsərhəd dövlətlərin hamısı tərəfindən edilməlidir. Hər ölkə nüvə enerjisindən istifadə hüququna malikdir, lakin təhlükəsiz variantda”.
A. Qəribovun sözlərinə görə, Metsamor AES-in ərazisində tikiləcək yeni reaktor 1060 meqavatt gücündə olacaq. Metsamor AES-in özündə iki blok var. Onlardan biri 1970-ci ildə istifadəyə verilib. 1988-ci ildə Ermənistanda baş verən zəlzələdən sonra bu blok dayandırılıb və hələ işə salınmayıb. 1980-ci ildə istifadəyə verilən, zəlzələdə sonra dayandırılan ikinci blok isə 1995-ci ildə yenidən istifadəyə verilib və bu günə qədər işləyir. Stansiyanın gücü 407 meqavattdır. Amma hazırda 360-370 meqavatt gücündə elektrik enerjisi istehsal edir.
DOSTLARINLA PAYLAŞ: