Azərbaycan hərbi gücünü nümayiş etdirəcək
02 İyun 2011 Cümə Axşamı 22:27
İyunun 26-da Bakının Azadlıq meydanında keçiriləcək hərbi parada hazırlıq görülür.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətilə Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıqlara start verilib. Artıq Azadlıq meydanında paradı müşahidə edəcək qonaqlar üçün tribunalar da qurulur. Hazırda meydanda təmir-bərpa işləri gedir. İşçilərin sözlərinə görə, iki gün ərzində oturacaqlar qurulacaq. Daha sonra meydanın asfalt örtüyünün qaydaya salınması və ətrafda səliqə-sahmanın yaradılmasına başlanacaq.

Paradda iştirak edəcək şəxsi heyətin hazırlıqlarına da start verilib. Müdafiə Nazirliyinin bəzi ordu birləşmələrinin heyəti təlim və tədris mərkəzində hazırlıq keçir. Eyni zamanda, Daxili və Sərhəd Qoşunlarının paradda iştirak edəcək heyətləri də hazırlıqlarını davam etdirir.

Qeyd edək ki, iyunun 26-da keçiriləcək paradda silahlı qüvvələrin bütün növləri iştirak edəcək. Müdafiə Nazirliyinin hərbi lisey və məktəbləri, ordu birləşmələri, xüsusi təyinatlı qüvvələr, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti hərbi keçid edəcək.

Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinə məxsus hərbi gəmilər isə parada dənizdən dəstək verəcək. Döyüş təyyarələri və helikopterlər Azadlıq meydanı üzərində aviaşou nümayiş etdirəcək. Paradda ilk dəfə olaraq Müdafiə Sənayesi Nazirliyinin xarici şirkətlərlə birgə istehsal etdyi “Matador” və “Marauder” tipli minaya qarşı nəqliyyat vasitələri, pilotsuz uçan aparatlar və digər Azərbaycan istehsalı olan hərbi texnikalar və silahlar nümayiş olunacaq.

Qeyd edək ki, 20 illik müstəqillik dövründə Azərbaycanda iki dəfə - 1992-ci il oktyabrın 9-da və 2008-ci il iyunun 26-da hərbi parad keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar