Azərbaycan hərbçisi Ramil Səfərov ekstradisiya edilə bilər
14 Dekabr 2011 Çərşənbə 12:15
Ali Məhkəmənin sədri Ramil Səfərovun Azərbaycana verilməsi məsələsinə münasibət bildirib.
Azərbaycan və Macarıstan arasında razılıq olarsa, Ramil Səfərovun ölkəmizə qaytarılması mümkündür. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev bidirib.
"Ramil Səfərovun verilməsi məsələsi dövlətlərarası məsələdir və dövlət bu işlə məşğul olur. İki dövlət arasında razılıq olarsa, onun qaytarılması real ola bilər", - Rzayev deyib.
Onun sözlərinə görə, Macarıstanla ekstradisiya haqqında müqaviləmizin olmaması vaxtilə bu məsələdə müəyyən problemlər yaratdı.
"Güman etmirəm ki, onun Azərbaycana gətirilməsində siyasi məqsədlər rol oynasın. Burada problem sırf hüquqi müstəvidə həll olunmalıdır. İki ölkə arasında ekstradisiya haqqında müqavilə olsaydı, bu, daha asan olardı. Beynəlxalq normalara əsaslanaraq iki dövlət arasında razılığa gəlinərsə, bu məsələyə baxıla bilər. Biz təşəbbüskarıq, ümid edirik ki, bu danışıqlar müsbət nəticələnəcək", - Rzayev əlavə edib.
Xatırladaq ki, Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətdə qətlə yetirib. Ramil Səfərov Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: