Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq
18 Yanvar 2011 Çərşənbə Axşamı 21:50
Əli Həsənov: "Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar yenə də uzanıb".
2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə əngəl törədən Ermənistan hakimiyyəti və dünya ictimayyəti Azərbaycanın öz hərbi qüdrətini artırmasını ciddi mesaj kimi qəbul etməlidir. Belə bir bəyanatla Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. "Prinsiplər bəllidir və məsələnin həlli ilə bağlı tərəflərin mövqeyi də bəllidir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar yenə də uzanıb. Bunun səbəbini cənab prezident belə qiymətləndirir ki, ermənilər bu danışıqlar prosesini nəyin vasitəsi ilə olur-olsun uzatmağa çalışırlar və danışıqlar prosesində irəliləyişində maraqlı görünmürlər",- deyə PA rəsmisi qeyd edib.

Əli Həsənovun sözlərinə görə, Azərbaycan bütün bunlara baxmayaraq hərbi quruculuğunu davam etdirir, hərbi sənayesini inkişaf etdirir. 2011-ci il üçün bu sahəyə ayrılan büdcə vəsaiti 3 milyard dolları ötüb. Bu isə belə deməyə əsas verir ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq: "Ermənilər bu məsələni nə qədər uzatsalar belə, Azərbaycan gec-tez torpaqlarını işğaldan azad edəcək. Bu ciddi çağırışdır, düşünürəm ki, həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın qeyri-konstruktiv mövqeydə dayanan rəhbərlərinə bir mesajdır", - deyə Ə.Həsənov vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar