Azərbaycan Gürcüstanla gömrük sazişi imzaladı
10 Fevral 2010 Çərşənbə 13:25
Hər iki ölkə arasında gömrük cinayətləri ilə birgə mübarizə aparılmasına dair razılıq əldə edilib
Bu gün Tiflisdə Gürcüstan və Azərbaycan arasında 2010-2011-ci illərdə gömrük cinayətləri ilə birgə mübarizəyə dair ikitərəfli razılıq əldə edilib.
ANS PRESS-in “Qruziya online” portalına istinadən yaydığı məlumata görə, sənədi Gürcüstan tərəfindən bu ölkənin maliyyə naziri İrakli Siradze və Azərbaycan Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev imzalayıblar.
İmzalanmış sənədə əsasən, Azərbaycan və Gürcüstan tərəfləri gələcəkdə gömrük sahəsində baş verə biləcək hər hansı qayda pozuntuları barədə ikitərəfli informasiya mübadiləsi verəcək. Həmçinin bu sənəd qarşılıqlı effektiv addımların atılmasını nəzərdə tutur.
Tərəflər qeyd edib ki, atılacaq bu addımlar Gürcüstan-Azərbaycan sərhədlərinin qorunmasını, həmçinin ixracatçı və idxalçıların işini xeyli yaxşılaşdıracaq.
“Gürcüstan ilk dəfədir ki, belə bir sənədə imza atır. Bu da çox sevindiricidir ki, həmin razılıq qonşumuz Azərbaycanla əldə olunub”, deyə Siradze bildirib: “Biz əminik ki, əldə olunmuş bu razılıq iki ölkə arasındakı sərhədlərindəki vəziyyəti daha da yaxşılaşdıracaq və iş adamlarının işinin asanlaşdıracaq”.
Ə. Abdullayev isə qeyd edib ki, birgə fəaliyyət bu gün iki ölkə arasında gömrük sahəsində yaranmış problemləri tam olaraq aradan qaldıracaq: “Biz narkotrafiklərlə mübarizəyə böyük önəm veririk. Məhz bunun nəticəsində ötən ili Azərbaycan-Gürcüstan sərhədində Azərbaycandan Gürcüstana aparılan 320 kiloqram narkotik maddə saxlanılaraq məhv edilib”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: