Azərbaycan-Gürcüstan-Rumıniya AGRİ üçün yeni tərəfdaş axtarır
15 Fevral 2011 Çərşənbə Axşamı 13:17
Macarıstan da artıq AGRİ layihəsinin tamhüquqlu üzvü olub.
Azərbaycan maye qazının Gürcüstan vasitəsilə Rumıniyaya ötürülməsini nəzərdə tutan AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin dəyəri buraxılış gücündən asılı olaraq 4,5 milyard avroya qədər artırıla bilər. Bunu Buxarestdə keçirilən görüşdə Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması üzrə işlər bir ilə qədər vaxt apara bilər: “İnvestisiya məsələsi qazın həcmindən asılı olacaq. Əgər biz həcmi 8 milyard kubmetrə qədər artıra bilsək, tələb olunan investisiyaların həcmi 4,5 milyard avro təşkil edəcək”.

Bu görüş AGRİ qaz kəməri layihəsinə regionda marağı olan digər ölkələrin də cəlb edilməsi imkanlarını nəzərdən keçirmək üçün keçirilib.

N. Əliyevin sözlərinə görə, bu layihə üçün investisiyalar burada ötürülücək qazın həcmindən asılıdır: “Əgər qazın həcmi ildə 2-3 milyard kubmetr olacaqsa, onda onun xərcləri 2 milyard dollar təşkil edəcək. Əgər biz qazın tədarükünü 8 milyard kubmetrə qədər artırarıqsa, o zaman bu kəmərin xərcləri də 4.5 milyard avroya qədər arta bilər”.

Nazir bildirib ki, AGRI-nin texniki-iqtisadi əsaslandırması üzrə işlər bir ilə qədər vaxt apara bilər: “Əgər maliyyələşmə sxemi ilə faktiki tikinti sxemini ümumiləşdirsən, bu bir ildən iki ilə qədər vaxt apara bilər”

Bu arada, Buxarestdə (Rumıniya) Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Rumıniyanın iqtisadiyyat, ticarət və işgüzarlıq mühiti naziri İon Ariton və Macarıstanın milli inkişaf naziri Tamaş Fellegi tərəfindən layihə üzrə imzalanmış protokol imzalanıb. Protokola əsasən, Macarıstan onun tamhüquqlu üzvü olub. Bu layihə Azərbaycanın maye qazının Qara dəniz vasitəsilə Rumıniyaya tədarükünü nəzərdə tutur.

Qeyd edək ki, ötən ilin sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar. Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar