Azərbaycan-Gürcüstan konfederasiyası yaradılacaq?
18 İyul 2010 Bazar 19:35
Prezident İlham Əliyevin Batumiyə səfəri zamanı iki ölkə arasında konfederativ əməkdaşlığın perspektivi müzakirə edilib.
Bəlli olduğu kimi prezident İlham Əliyev Gürcüstanda işgüzar səfərdədir. Azərbaycan və Gürcüstan liderlərinin əvvəlcə təkbətək, daha sonra isə geniş formatda görüşü keçirilib. Görüşün təfərrüatları və iki ölkənin əlaqələrindəki yeniliklər hər iki prezidentin birgə keçirdiyi mətbuat konfransında açıqlanıb.

Bəlli olub ki, Azərbaycan prezidentinin səfəri zamanı dövlət başçıları Çin və Asiya ölkələrindən Avropaya yeni nəqliyyat dəhlizinin tikintisi məsələsini müzakirə edib. Gürcüstan prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, artıq bununla bağlı işçi qrupun yaradılması haqda razılıq əldə olunub.

“Çin və Orta Asiyadan Avropaya ən qısa yol Azərbaycan və Gürcüstandan keçəcək. Biz bu nəqliyyat dəhlizinin inkişafında maraqlıyıq. Bizim ərazilərimiz vasitəsilə Çindən Londona qədər dəmiryolu layihəsi baş tuta bilər. Bu çox böyük layihədir. Hətta Trans-Sibir magistralından da uzun xəttdir. Eyni zamanda Bakıdan Batumiyə avtomobil yolunun tikilməsi planlaşdırılır. Bu məsələnin həyata keçirilməsi 2012-ci ilə nəzərdə tutulur. Azərbaycandan Gürcüstan sərhədinə qədər dörd zolaqlı avtomobil şossesi olacaq”, - deyə o vurğulayıb.

Mixail Saakaşvili həmçinin yeni nəqliyyat layihələrinin reallaşmasından sonra Azərbaycan sərhədinə çıxışın da asanlaşacağını bildirib. Ölkəsinin Azərbaycanla konfederativ əməkdaşlığı haqda da danışıqların apardığını deyən dövlət başçısı Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərinin uzun illərin sınağından çıxdığını vurğulayıb.

Azərbaycan prezidenti ilham əliyev də iki ölkə arasındakı münasibətlərdən məmnunluq ifadə edib və ölkələrimiz arasında həyata keçirilən layihələrin hər iki ölkə üçün faydalı olduğunu bildirib. Prezident Azərbaycanın iş adamlarının Gürcüstanın investisiya imkanlarına etibar etmələrindən və Gürcüstanın inkişafına fəal investisiya yatırmalarından məmnunluq ifadə edib.

Yeri gəlmişkən, prezident Mixail Saakaşvili mətbuat konfransında Azərbaycan şirkətlərindən birinin Batumidə ən yüksək keyfiyyətli mehmanxana tikməyə qərar verməsi haqda da məlumat verib.

Mətbuta konfransından sonra Gürcüstan prezidenti azərbaycanlı həmkarını Batumidə həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri ilə tanış edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar