Azərbaycan Ermənistana qarşı iddia ərizələrini Avropa Məhkəməsinə göndərib
14 İyul 2011 Cümə Axşamı 00:36
İddialar erməniləşdirilmiş Azərbaycana məxsus 4 məscid, 5 muzey və 3 Alban monastırının vandalizmə məruz qalması ilə.
Azərbaycan Ermənistana qarşı qaldırılan iddia ərizələrini Avropa Məhkəməsinə göndərib. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyindən AzərTAc-a bildiriblər ki, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmiş Azərbaycana məxsus 4 məscid, 5 muzey və 3 Alban dövrü monastırının vandalizmə məruz qalması barədə Ermənistana qarşı məhkəmə iddiası artıq Avropa Məhkəməsinə göndərilib. İddianın Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiasının qaldırılması” adlı layihə çərçivəsində həyata keçirildiyi bildirilir.

Təşkilatın sədri Faiq İsmayılov bildirib ki, iddia Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi, Kəlbəcər Gəncəsər monastırı, Şuşa şəhərindəki Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri və başqa abidələrlə bağlı qaldırılıb.

İşğal olunmuş ərazilərdə Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən uçurulub dağıdılması və ya erməniləşdirilməsi prosesi son illər daha da intensivləşdiyindən, ölkə daxilində istər vətəndaş cəmiyyətinin üzvlərini, istərsə də müvafiq dövlət-hökumət qurumlarını ciddi tədbirlər görməyə məcbur etmişdir. 2010-cu ildə Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və müvafiq qiymətləndirilməsi məqsədi ilə həmin ərazilərə ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkilinə nail olmuşdu. Missiyanın hesabatı 2011-ci il yanvarın 23-də tərəflərə təqdim edilmişdi.

Ötən il ölkəmiz digər mötəbər beynəlxalq təşkilat olan İslam Konfransı Təşkilatı (İKT) ilə də ənənəvi yüksək əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verib. İKT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması” haqqında qətnamələr yekdilliklə qəbul edilib.

Ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmiş abidələr siyahısına Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi də daxildir. 1980-ci ildən fəaliyyət göstərən muzeydə eksponatların sayı 30 min ədəddən çox olub. Muzeyin Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi ilə əlaqəsi var idi. Muzeyin ətraf divarlarında 2037 rəng çaları olan müxtəlif daşlardan istifadə edilmişdir. Muzeyin həyətində müxtəlif əsrlərə aid daş üzərində süjetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyaları açıq havada nümayiş etdirilirdi.

Kəlbəcər Gəncəsər monastırı isə 1216-1238-ci illərdə tikilmişdir. Elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi yazılsa da, abidə Gəncəsər adı ilə tanınır. Abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsr xristian alban monastırıdır və XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “böyük Alban ölkəsinin hökmdarı, geniş Alban vilayətinin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib”.

1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Eyni zamanda, Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi də bu məbəd kompleksinin ərazisində dəfn olunublar.

1511-ci ildən Gəncəsr monastırı Alban katolikoslarının iqamətgahı olmuşdur. 1837-ci ildə ermənilərin təhriki ilə Rusiya imperiyasının Müqəddəs Sinoqoqu Alban Patirarx taxtını ləğv edib. Bununla da Gəncəsər monastırının tarixi missiyasına son qoyulub. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər onun çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. Abidə 1993-ci il aprelin 3-dən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənilər qeyri-qanuni olaraq Gəncəsər monastırının memarlıq quruluşunda və interyerində də dəyişikliklər edib. Divar yazılarını korlayıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar.

2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulub, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilib. Monastırın həyətində, ona aid olan qəbiristanlıqda 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaç daşları quraşdırılıb. Abidənin daxili divarları üzərindəki yazılar və bədii nümunələr silinib, qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzədilib. Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq, üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv ediblər. Hazırda kompleksin daxilində və ətrafında təmir tikinti işləri davam etdirilir.

Gəncəsər monastırı 1994-cu ildən etibarən Ermənistan Respublikasının abidələri siyahısına daxil edilmiş və erməni kilsəsi kimi təbliğ olunur.

Ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmiş abidələr siyahısına Şuşa şəhərindəki Aşağı Gövhərağa məscidi də daxildir. 1832-ci ildə inşa olunmuş məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.

Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidini isə 1883-1884-cü illərdə İbrahim xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Bu abidə Şuşanın böyük Cümə məscididir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar