Azərbaycan ərazi sularında üzən gəmilərin hərəkətini izləməyə başlayıb
29 Dekabr 2011 Cümə Axşamı 17:14
Dekabrın 28-də istifadəyə verilmiş Uzaq Məsafədən tanıma və İzləmə Milli Mərkəzi (LRİT) Dövlət Dəniz Administrasiyasına (ARDDA) Azərbaycanın ərazi sularında gəmilərin hərəkətini izləmək imkanı yaradır.
Bu barədə APA-ya ARDDA-dan məlumat verilib.

Administrasiyadan bildirilib ki, Milli Mərkəzin funksiyalarına Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyini peyk və radarlar vasitəsi ilə izlənilməsi, onların hərəkət təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair məlumatların gəmilərə, gəmilərdən gələn həyəcan siqnallarının və digər məlumatların müvafiq qurumlara çatdırılması daxildir.

Mərkəz ümumi əhatə zonası 96 dəniz mili (175 km) olan «Koden MDC-2900P» tipli radar stansiyası vasitəsi ilə ərazi sularına daxil olan gəmiləri müşahidəyə götürür və gedəcəyi son məntəqəyədək nəzarət altında saxlayır.

LRİT Sisteminin təchizatına peyk əlaqəli «Sailor 500/250 Flet Broadband» və İNMARSAT-C stansiyalar sistemi, Milli Mərkəzin Qlobal Dəniz Fəlakəti Rabitə Sisteminə ultra qısa dalğada işləyən «Sailor RT-4801» radiostansiyaları, gəmilərlə əlaqə yaratmaq üçün NAVTEX baza stansiyası, orta və qısa dalğalarda işləyən 2 ədəd radiostansiya, aviasiya diapazonunda işləyən ən son model «İcom AVİA İC-A110» tipli radiostansiya daxildir.

Mərkəzin Avtomat İndentifikasiya Sistemi isə İsveçin SAAB şirkətinin istehsalı olan 2 ədəd «R40 İEC 62320-1» avadanlığından ibarətdir. Mərkəz «Pelco» firmasının istehsalı olan kameralarla hər cür hava şəraitində vizual müşahidə apara, meteo stansiya vasitəsi ilə hava şəraiti haqqında məlumatları əldə edə bilir. Mərkəzin fəaliyyətini təmin etmək üçün Azərbaycanın sahilboyu ərazilərində baza stansiyaları yaradılıb.

Qeyd edək ki, LRİT mərkəzi Xəzər dənizində ilk dəfə olaraq Azərbaycanda qurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar