Azərbaycan əmanətlərinin qaytarılmasına yaxın iki ildə başlamaq niyyətindədir
14 Mart 2012 Çərşənbə 16:37
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əhalinin SSRİ dövründən banklarda qalan əmanətlərin qaytarılması prosesinin başlanmasına nail olmaq üçün Nazirlər Kabinetinə müraciət edəcək və Milli Məclisdə məsələ qaldıracaq.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.
S.Mehbalıyev bildirib ki, əmanətlərin qaytarılması ilə bağlı tövsiyə AHİK, Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında 2012-2013-cü illər üçün üçtərəfli Baş Kollektiv Sazişdə də öz əksini tapıb: "İndiyə qədər əmanətlərin qaytarılması məsələsi bu sazişdə xüsusi müddəa kimi göstərilməyib. Bu onu göstərir ki, həm prezidentin, həm də hökumətin əmanətlərin qaytarılması istəyi var".
S.Mehbalıyev qeyd edib ki, problemin həlli təkcə parlamentin mövqeyindən asılı deyil: "Əlbəttə, ilk növbədə yaşlı insanların əmanətlərinin qaytarılmasını istəyirik. Dövlət də buna etiraz etmir. Yəqin ki, bu məsələyə 2014-cü ilə qədər nail olmağa çalışacağıq. Əmanətlərin qaytarılmasına nail olsaq, bu bizim uğurumuz ola bilər".
AHİK sədri xatırladıb ki, o, əmanətlərin qaytarılması ilə bağlı yaradılan komissiyanın üzvlərindən biridir: "Əslində bu sənəd üzərində uzun müddətdir iş aparılır. Müəyyən problemlərin olması inkaredilməzdir. Problemin siyasi məqamları da var. Nəzərə alaq ki, Azərbaycanda pul əmanəti olanlar arasında bizə qarşı düşmənçilik edən və ərazilərimizin 20%-ni işğal edən ermənilər də var. Bu məsələlər də araşdırılır. Ona görə, prosesin bütün tərəfləri öyrənilir".
DOSTLARINLA PAYLAŞ: