Azərbaycan əhalisinin əksəriyyəti İlham Əliyevi dəstəkləyir
28 Dekabr 2011 Çərşənbə 22:26
“Rəy” Monitorinq Mərkəzinin sorğusunda iştirak etmiş respondentlərin 85,5 faizi dövlət başçısının onların maraqlarına tam cavab verdiyini bildirib.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti prezident İlham Əliyevi dəstəkləyir. “Rəy” Monitorinq Mərkəzinin dekabrın 16-dan 19-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri belə deməyə əsas verir. Mərkəzdən verilən məlumata görə, sorğuda yaşı 18 və daha çox olan 1500 vətəndaş iştirak edib.

Sorğunun nəticələrindən məlum olub ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 90 faizə yaxını hazırkı dövlət başçısına səs verərdi.

O cümlədən, əhalisi daha çox tənqidi yanaşması ilə seçilən Bakı şəhərində sorğuda iştirak edənlərin 84,1 faizi öz səslərini İlham Əliyevə verməyə hazır olduqlarını bildiriblər. Respondentlərin 85,5 faizi prezident İlham Əliyevin onların maraqlarına tam cavab verdiyini bildiriblər.

Sorğunun nəticələrinə görə, seçicilərin 92,4 faizi İlham Əliyevə etibar edir, 72,2 faizi isə ölkə prezidenti postunda ona alternativ görmür. Bakı şəhəri üzrə bu göstəricilər müvafiq olaraq 87,5 faiz və 69,5 faiz təşkil edir.

Rəyi soruşulanların əksəriyyəti (78 faiz) bildirib ki, qarşıdakı bazar günü prezident seçkiləri keçirilsəydi, onlar səsvermədə iştirak edərdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar