Azərbaycan diplomatları Vyanada Edvard Nalbandyanın cavabını verdilər
04 Mart 2011 Cümə 02:06
“Azərbaycanlıların işğal olunmuş Azərbaycan ərazilərinə qayıtması məsələsi Ermənistanın qəbuledilməz və məntiqəzidd siyasi məqsədlərinin girovuna çevrilib”.
Vyanada ATƏT-in Daimi Şurasının növbəti iclası keçirilib. İclasda məruzəçi qismində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib, ölkəsinin xarici siyasətinin hədəfləri, beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə əməkdaşlığından danışıb. Erməni nazir çıxışının əsas hissəsini Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib və həmişəki kimi, Azərbaycanın ünvanına ittihamlar yağdırıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan xarici işlər nazirinin çıxışına və əsassız ittihamlarına münasibət bildiriblər. Qeyd edilib ki, Ermənistanın xarici işlər nazirinin münaqişə ilə bağlı çıxışında söylədikləri Soçi görüşü ərəfəsində ab-havanın korlanmasına xidmət edir. Sonra Azərbaycan tərəfinin münaqişənin nizamlanmasına dair beynəlxalq hüququn norma və prinsiplərinə və xüsusilə də 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan mövqeyi yenidən vurğulanmışdır. Daha sonra bildirilmişdir ki, 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində Azərbaycan və Ermənistana təqdim edilmiş Madrid sənədinin yeniləşmiş versiyasına Azərbaycan prinsipial razılığını çoxdan verib, lakin Ermənistan bu təklifi ötən il prezidentlərin Soçidə keçirilmiş görüşündə rədd edib. Azərbaycan nümayəndəsi bildirmişdir ki, yalnız azərbaycanlı olduqlarına görə yüz minlərlə insanı öz doğma torpağından və əmlakından məhrum edən və hətta öz müxalifəti tərəfindən də rasizm kimi tənqid olunmuş “etno-dini njdeizm”i dövlət siyasəti elan edən Ermənistanın xarici işlər nazirinin insan hüquqlarından danışması gülüncdür. İşğal olunmuş Azərbaycan ərazilərində bir azərbaycanlı da qalmayıb və onların öz torpaqlarına qayıtması məsələsi Ermənistanın qəbuledilməz və məntiqəzidd siyasi məqsədlərinin girovuna çevrilib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri martın 2-də Vyana Diplomatiya Akademiyasında məruzəsi zamanı da Azərbaycana qarşı ittihamlar səsləndirmişdi. Azərbaycan diplomatları sual-cavab sessiyası zamanı söz alaraq, Ermənistan nazirinin çıxışının təhriflərlə dolu olduğunu ifşa etmək üçün bir sıra şərhlər və suallar veriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar