Azərbaycan diaspor təşkilatlarının Türkiyədə keçirilən forumu başa çatıb
07 Avqust 2012 Çərşənbə Axşamı 15:18
Forum iştirakçıları adından Azərbaycan prezidentinə müraciət qəbul olunub.
Avqustun 7-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forumun “Azərbaycan diaspor təşkilatlarının insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əməkdaşlığı” mövzusunda IV panel iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycanın xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prioritet istiqamətlərindən biri də soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Bu sahədə ötən müddət ərzində müəyyən işlər görüldüyünü qeyd edən N.İbrahimov dünyanın bir sıra ölkələrində azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan hüquq-müdafiə mərkəzləri fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bir çox ölkələrdə soydaşlarımızın hüquqlarının pozulması hallarının olduğunu qeyd edən Dövlət Komitəsinin sədri azərbaycanlıların hüquqi maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, xüsusilə Gürcüstanda son illərdə azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Təşkilatının rəhbəri İlqar Hacıyev çıxışında təşkilatın hüquq-müdafiə mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib. O, azərbaycanlıların hüquqlarının qorunması, soydaşlarımıza hüquqi yardımların göstərilməsi sahəsində görülən işlər, təşkilatın Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri barədə də danışıb. İ.Hacıyev soydaşlarımızın bir çox hallarda öz hüquqlarını bilmədiklərinə görə problemlərlə qarşılaşdıqlarını vurğulayıb.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov soydaşlarımızın Avropa ölkələrində hüquqlarının qorunması sahəsində görülmüş işlərdən söz açıb. S.Qasımov hər bir ölkədə azərbaycanlı icmasının etnik qrup statusu əldə etməsinin həm azərbaycanlılarının hüquqlarının müdafiəsi, həm də onların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, eyni zamanda xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor quruculuğu işində daha fəal şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.
Çukurova Universitetinin professoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzov çıxışında Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərinə toxunub. O, xüsusilə bəzi təriqətlərin azərbaycanlı tələbələrə öz maraqlarına uyğun şəkildə təsir etməyə çalışdığını və bundan narahatlığını dilə gətirib. C.Novruzov xarici ölkələrdə, xüsusilə də Türkiyədə təhsil alan azərbaycanlı tələbələri neqativ təsirə məruz qalmasının qarşısının alınması üçün Azərbaycan dövlətinin ayırdığı maliyyə vəsaiti hesabına yataqxanaların açılmasını təklif edib.
Gürcüstanda Etnik Azərbaycanlıların İctimai Maraqlarının Müdafiəsi Koalisiyasının rəhbəri Zaira Musayeva Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində mövcud vəziyyət haqqında məlumat verib.
IV panel iclası başa çatdıqdan sonra forumun yekun toplantısı keçirilib. Nazim İbrahimov müzakirələrdə fəal iştirak etdiklərinə görə bütün forum iştirakçılarına öz təşəkkürünü bildirib.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, burada səslənən bütün təkliflərin qeydə alındığını, onların hər birinin araşdırılacağını bildirib. O, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor təşkilatları ilə fəal əməkdaşlıq etməsinin vacib olduğunu qeyd edib. Ə. Həsənov C. Novruzovun azərbaycanlı tələbələrin kənar mənfi təsirlərə məruz qalması ilə bağlı narahatlığını da bölüşdüyünü, bu sahədə müvafiq tədbirlər görülməsi ilə bağlı təklifləri dəstəklədiyini diqqətə çatdırıb. Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşdüyünü deyən Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan dövlətinin də xaricdə yaşayan soydaşlarımızın mənafelərini həmişə nəzərə aldığını vurğulayıb: “Bu cür tədbirlərin məqsədi xaricdə yaşayan azərbaycanlılar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq, soydaşlarımızın problem və qayğılarını öyrənmək, onların həlli yollarını tapmaqdan ibarətdir. Bu forum, bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır”.
Ə. Həsənov aparılan müzakirələrin, qəbul olunmuş qərarların Azərbaycan diasporunu daha da gücləndirəcəyinə inandığını deyib: “Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız sizə müəyyən tövsiyələr verə bilərik, qəbul etdiyiniz qərarların icrasında dəstək göstərə bilərik. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaq, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir”. Prezident Administrasiyasının şöbə müdiri Forumun işindən razı qaldığını vurğulayıb.
Sonra forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə forum iştirakçılarının Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığı öz əksini tapıb. Sənəddə qeyd olunub ki, Azərbaycan diaspor təşkilatları bundan sonra da ölkəmizin milli maraqlarının qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərini əsirgəməyəcəklər.
Toplantının sonunda müzakirələrdə irəli sürülmüş təkliflər əsasında hazırlanmış Forumun yekun sənədi – “Azərbaycan diaspor təşkilatları rəhbərlərinin “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forum iştirakçılarının Birgə bəyanatının layihəsi səsə qoyularaq qəbul edilib.
25 bənddən ibarət olan sənəddə gənclərin və qadınların diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, lobbi quruculuğu sahəsində fəaliyyətin genişləndirilməsi, Türkiyədə yaşayan azərbaycanlı ziyalıların Forumunun, Orta Asiyada fəaliyyət göstərən Azərbaycan diaspor Təşkilatlarının birgə toplantısının, Ukrayna Azərbaycanlıları Qurultayının və Skandinaviya Ölkələri Azərbaycanlılarının Konqresinin təşkili ilə bağlı müddəalar öz əksini tapıb.
Bundan başqa, bəyanatda soydaşlarımızın kompakt yaşadığı regionlarda şəbəkələrə malik “Azərbaycan diasporu İnformasiya mərkəzi”nin yaradılması, “Xocalıya ədalət – Qarabağa azadlıq” beynəlxalq kampaniyasına dəstəyin gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün Azərbaycanda yay düşərgələrinin təşkili ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət edilməsi də nəzərdə tutulub.
Forum Dünya azərbaycanlı elm xadimlərinin forumunun təşkil edilməsi,
“Virtual həftəsonu” məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi, “Avropa Birliyi ölkələrində azərbaycanlıların cəmiyyətə inteqrasiya prosesləri: mövcud təcrübə, problemlər və onların həlli yolları” mövzusunda forumun keçirilməsi, növbəti Rusiya-Azərbaycan İqtisadi Forumunun Ukyanovsk şəhərində keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflərin verilməsini də qərara alıb. Bununla da forum öz işini başa çatdırıb.
DOSTLARINLA PAYLAŞ: