Azərbaycan BMT qarşısında təkliflə çıxış edəcək
20 İyun 2012 Çərşənbə 20:10
Əli Həsənov: “Dünyada məcburi köçkünlərin hüquqlarını qoruması ilə bağlı heç bir sənəd yoxdur"
"Bəzən bunu hökumətlərin öz daxili işi kimi təqdim edirlər. Bu arqumentlə razılaşmaq olar. Lakin bir şərtlə, məcburi köçkün məsələsi bir ölkənin, bir hökumətin ölkə daxilində yaratdığı problem səbəbindən baş versin”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib: “Azərbaycan işğala məruz qalıb, bununla da, məcburi köçkün problemi yaranıb, yəni məcburi köçkünlərin hüquqlarının qorunması, tanınması məsələsində ciddi boşluqlar var. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının illik sessiyalarında da bu məsələni qaldırmışam. Lakin dəyişiklik yoxdur. Azərbaycan bu ilin aprelində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilib. Bundan sonra müəyyən təkliflər vermək hüququmuz artacaq. Azərbaycan BMT qarşısında məcburi köçkünlərlə bağlı beynəlxalq hüquqi bazanın formalaşdırılması, müvafiq qanunların qəbul olunması və ümumilikdə konvensiyanın hazırlanması təklifi ilə çıxış etmək niyyətindədir”.
Əli Həsənov beynəlxalq təşkilatların Qarabağ probleminin nizamlanması istiqamətindəki fəaliyyəti barədə isə bunları deyib: “Guya beynəlxalq təşkilatlar Azərbaycanda bu problemin həlli ilə məşğuldur. Rusiya, ABŞ və Fransa münaqişənin həlli ilə bağlı bəyanatlar verir. Amma istərdik ki, adını çəkdiyim dövlətlər Ermənistana da veto, embarqo qoysunlar. Artıq bunun vaxtı çatıb. Bəlkə bundan sonra bu cinayətkar Robert Köçəryan, Serj Sarksiyan hansı hərəkət törətdiklərini bilib, ayılarlar”.
DOSTLARINLA PAYLAŞ: