Azərbaycan BMT-nin baş katibinə məktub göndərib
02 İyul 2011 Şənbə 15:02
Ermənistan prezidentinin fikirləri BMT üzvü olan bir dövlətin beynəlxalq hüququn norma və prinsiplərindən fundamental və davamlı şəkildə imtinasını birmənalı olaraq nümayiş etdirir.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev BMT baş katibi Pan Gi Mun və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. BMT-nin Məlumat Mərkəzindən APA-nın Vaşinqton müxbirinə bildirilib ki, 10 səhifəlik məktubda erməni liderlərinin son bəyanatlarından, habelə atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi pozulmasından, Azərbaycan vətəndaşlarının erməni silahlı qüvvələri tərəfindən öldürülməsindən bəhs edilir.
Səfir məktubunda qeyd edir ki, erməni silahlı qüvvələri Azərbaycan vətəndaşlarına qarşı hücumları son aylarda artırıb. Bu il martın 8 də 9 yaşlı azərbaycanlı uşağın snayperlə öldürülməsindən iki ay sonra erməni silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun Çıraqlı kəndinin sakinlərini atəşə tutub. İyunun 3-də isə Ağcabədi rayon sakini Elmar Piriyev Ağdamın Çəmənli kəndində erməni hərbçiləri tərəfindən öldürülüb.
“Bu cür qeyri-insani və yersiz hərəkətlərlə yanaşı, Ermənistanın yüksək rütbəli rəsmiləri məsuliyyətsiz bəyanatlar verməkdə və Azərbaycanın işğal olunmuş ərazilərinə təxribatçı səfərlər etməkdə davam edirlər ki, bu da münaqişənin tezliklə həll olunmasına yönəlmiş beynəlxalq səyləri açıq şəkildə çətinləşdirir”, - deyə səfir Mehdiyev vurğulayıb.
A. Mehdiyev məktubunda diqqəti Ermənistan prezidenti Serj Sarkisyanın “Moskovskie Novosti” qəzetinə verdiyi müsahibəyə çəkib: “Ermənistan prezidenti mayın 16-da “Moskovskie Novosti” qəzetinə verdiyi, tarixi saxtakarlıq və təhriflərlə dolu müsahibəsində bir daha təsdiqləyib ki, Ermənistan tərəfi münaqişənin həllini yalnız Azərbaycan torpaqlarının ilhaqında görür. Ermənistan prezidentinin beynəlxalq hüquq prinsipləri və onların tətbiqi barədə fikirləri BMT üzvü olan bir dövlətin beynəlxalq hüququn norma və prinsiplərindən fundamental və davamlı şəkildə imtinasını birmənalı olaraq nümayiş etdirir. Sarkisyanın müsahibəsi stereotipik düşüncənin məhsulundan başqa bir şey deyil və cəfəngiyyatdır”.
A. Mehdiyev məktubunda yazır ki, Ermənistan prezidenti müsahibəsində 1988-ci il Qarabağ hərəkatındakı fəal iştirakını etiraf edib, Ermənistanın hakim Respublika Partiyasının sədr müavini Razmik Zohrabyan isə qondarma Qarabağ hərəkatının SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məhsulu olduğu barədə məlumat açıqlayıb.
“Öz müsahibəsində Ermənistan prezidenti aydın şəkildə bildirib ki, onun ölkəsinin ərazi iddiaları Azərbaycanın Dağlıq Qarabağ regionu ilə kifayətlənmir, həmçinin, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın digər ərazilərini də əhatə edir. Azərbaycan Respublikası Dağlıq Qarabağın və Naxçıvanın keçmişdə Ermənistana məxsus olmasını və bu ərazilərin 1920-ci illərdə Sovet hakimiyyəti tərəfindən Azərbaycana verilməsi faktını birmənalı şəkildə rədd edir”, - deyə məktubda vurğulanır.
A. Mehdiyev əlavə edib ki, Azərbaycan Ermənistanın tarixi arayışlarını əsassız və yalan sayır: “Onların yeganə məqsədi beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək, bununla da, yersiz ərazi iddiaları və işğalçılıq siyasətlərinə hüquqi don geyindirməkdir. Dağlıq Qarabağ və Naxçıvan tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olub. 12 oktyabr 1813 və 10 fevral 1828-ci il tarixli “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalanmasından sonra öz ərazisini regionda yaşayan digər millətlərin hesabına genişləndirməyə istiqamətlənmiş süni ərazi bölgüsü və məqsədyönlü cəhdlərə can atan ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarında məskunlaşması uzunmüddətli qeyri-stabilliyə, gərginlik və münaqişələrə əsas verib. Onu demək kifayətdir ki, Sovet dövründə Ermənistanın ərazisi 8.000-10.000-dan 29.800 kvadrat kilometrə qədər genişlənib. Nəticədə, Azərbaycanın Naxçıvan regionu ölkənin əsas hissəsindən ayrı düşüb. Sovet hakimiyyəti yarananda yarım milyondan çox olan Azərbaycan xalqından indi müasir Ermənistanda bir nəfər də yoxdur. Faktlar çoxsaylı sənədlərdə əksini tapıb, erməni rəsmi və akademik mənbələrində də təsdiq olunub. Bundan başqa, ötən əsrin 20-ci illərində Azərbaycanın irsi torpağı olan Dağlıq Qarabağa Azərbaycan SSRİ çərçivəsində muxtariyyət statusu verilib, onun inzibati sərhədləri müəyyənləşdirilib. Sonradan kiçik erməni xalqı bu muxtariyyətdə çoxlu təşkil eyməyə başlayıb. Ermənistan SSRİ-də yaşayan böyük sayda Azərbaycan xalqı isə eyni imtiyazlardan məhrum edilib, bu ədalətsizliyin əleyhinə edilən bütün cəhdlərin qarşısı təcili, kobudcasına və vəhşicəsinə alınıb”.
Bundan sonra, səfir Mehdiyev diqqəti Ermənistanın qurumdakı daimi nümayəndəsinin sonuncu məktubuna yönəldib: “Ermənistan nümayəndəsi məktubunda Azərbaycanı sübutsuz “erməni əleyhinə təbliğat” və “dezinformasiya siyasəti”nə görə ittiham etməyə çalışır. Azərbaycanı snayperləri cəbhə xəttindən çıxartmaq haqqında təklif və bəyannamələrə guya məhəl qoymamaqda ittiham edərək, beynəlxalq aləmin diqqətini əsas problemdən yayındırmağa cəhd edən Ermənistan təbliğatı yenə də unutqanlığını nümayiş etdirir. Halbuki Ermənistanın daimi nümayəndəsi öz məktubunda, bir daha təsdiqləyib ki, onun ölkəsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğal olunmuş ərazilərdə döyüş zonasını qiymətləndirmə missiyası bazasında təqdim olunmuş tövsiyələrini rədd edir. Bu baxımdan qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğal olunmuş ərazilərdə demoqrafik, sosial və mədəni xarakteri dəyişə biləcək əlavə hərəkətdən çəkinmək haqda çağırışı yalnız Ermənistana - işğalçı qüvvəyə ünvanlanıb”.
Səfir məktubunda may ayı ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimini 68 dəfə pozulduğunu da qeyd edib.
A. Mehdiyev məktubun sonunda yazır: “Azərbaycanın heç bir şübhəsi yoxdur ki, konfliktin beynəlxalq hüquq əsasında həlli Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam çıxarılmasını, Azərbaycanın suveren və ərazi bütövlüyünün bərpasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarını, erməni və azərbaycanlı icmalarının Dağlıq Qarabağda Azərbaycan Respublikası daxilində sakit, birgə yaşayışını təmin edəcək”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: