Azərbaycan BMT-də irəli sürdüyü qətnamə layihəsi qəbul edilib
18 Noyabr 2009 Çərşənbə 12:20
Qətnamə Trans-Avrasiya İnformasiya Super Magistralı təşəbbüsünə həsr olunub
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İkinci Komitəsi (İqtisadi və Maliyyə) noyabrın 12-də keçirilən növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə həsr olunan qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı irəli sürülüb. 2009-cu ilin sentyabr ayından etibarən Azərbaycan nümayəndə heyəti tərəfindən qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar müvəffəqiyyətlə aparılıb.
Qətnamə layihəsi, dünyada iqtisadi artım və sosial inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının vacibliyini etiraf etməklə yanaşı Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması baxımından TASİM-in mühüm rolunu işıqlandırır və sözügedən təşəbbüsün həyata keçirilməsi istiqamətində regional səylərin əlaqələndirilməsinə dair Azərbaycan Hökumətinin təklifini alqışlayır.
TASİM kimi yeni və qabaqcıl təşəbbüsü təqdim edən qətnamə layihəsi müxtəlif regionlar tərəfindən dəstəklənib və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həm-müəllif kimi qoşulublar.
Onların arasında ABŞ, Almaniya, Avstraliya, Belarus, Bolqarıstan, Əfqanıstan, Çin, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna və Yaponiya və digərləri xüsusilə qeyd oluna bilər.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar