Azərbaycan beynəlxalq təşkilatlara şikayət edəcək
09 Yanvar 2010 Şənbə 15:00
Qazaxdakı qəbiristanlığın ermənilər tərəfindən dağıdıldığı sübut olunarsa Azərbaycan beynəlxalq təşkilatlara şikayət edəcək.
Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında məzar daşlarının dağıdılması məsələsi Azərbaycan Xarici İşlər Nazirliyinin diqqətindədir. Nazirlik araşdırmanın nəticələrini gözləyir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun sözlərinə görə, bu hadisəni ermənilərin törətdiyi sübuta yetirilsə, Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək.
Xatırladaq ki, ermənilər Azərbaycanın Qazax rayonunun Qızılhacılı kəndinin qəbristanlığını dağıdıb. Qızılhacılı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal edilib və kənd tamamilə dağıdılıb. 50 evlik kəndin 300-dən artıq sakini isə rayonun müxtəlif yaşayış məntəqələrində əsasən də cəbhə xəttində yerləşən Abbasbəyli kəndində məskunlaşıb. Kəndin qəbiristanlığı isə Azərbaycanın nəzarətində olan ərazidə, Ağstafa çayının sol sahilində, təmas xəttindən 600-700 metr məsafədə yerləşir.
Bir gün əvvəl kənd sakinlərindən biri rəhmətə gedib və həmin qəbiristanlıqda dəfn olunub. Səhər qəbiristanlığa gələn əhali isə qəbir daşlarının dağıdıldığının şahidi olub. Qəbiristanlıqda 30 qəbir dağıdılıb. Qəbir daşları sındırılıb və tapdalanıb. Sonuncu dəfn olunan şəxsin qəbrinin üstünə isə daşlarla xaç işarəsi qoyulub.
Kənd sakini Məmməd Namazovun sözlərinə görə, həmin əraziyə yaxılıqda cəmi bir sakin yaşayır. Onun sözlərinə görə, gecə saat 3-4 radələrində həmin sakinin itləri hürüb. Çölə çıxıb baxsa da, heç nə görməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: