Azərbaycan Araz çayının məcrasının dəyişdirilməsindən narahatdır
20 Noyabr 2012 Çərşənbə Axşamı 12:47
Çayın suyunun azaldılmasının Araz boyu regionlara ağır təsir göstərəcəyi deyilir.
Araz çayının suyundan istifadə edilməsi Azərbaycanın ekologiyasına mənfi təsir göstərəcək. Bunu çərşənbə axşamı Trend-ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
"Araz çayının məcrasının dəyişdirilməsi danışıqlar mövzusu ola bilməz", - Məmmədov deyib.
O qeyd edib ki, bu, həm ekoloji, həm də kənd təsərrüfatı baxımından Azərbaycanın Araz çayı boyunca yerləşən ərazilərinə mənfi təsir göstərəcək.
"Onsuz da Azərbaycanda su çatışmır, Araz çayının suyunun kəsilməsi və ya azaldılması Araz boyu regionlara ağır təsir göstərəcək", - deyib.
O bildirib ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi qətidir.
Qeyd edək ki, İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.
Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.
DOSTLARINLA PAYLAŞ: