Azər-Türk Bank" təminatlı pul bazarının üzvü oldu
25 Fevral 2012 Şənbə 18:37
Təminatlı Pul Bazarı iştirakçılarının sayı 11-ə çatıb.
“Azər-Türk Bank” ASC Təminatli Pul Bazarı (TPB) seqmentinin iştirakçı banklarının qərarı ilə TPB-nin yeni üzvü olub. Bakı Banklararası Valyuta Birjasından (BBVB) ANS PRESS-ə verilən məlumata görə, beləliklə, Təminatlı Pul Bazarı iştirakçılarının sayı 11-ə çatıb.
Xatırladaq ki, 2009-cu il oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı, BBVB və pul bazarının bir sıra market-meyker bankları ("Dəmirbank", "AGBank", İKB "Nikoil", "Standard Bank", "Paşabank", "Unibank" və "Bank of Baku") arasında kollektiv saziş imzalanıb. Həmin sazış pul bazarının yeni seqmenti üçün hüquqi əsas təşkil edib.
Qeyd edək ki, Təminatlı Pul Bazarı (TPB) - banklararası kredit bazarının bir seqmentidir ki, burada kredit əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsi Mərkəzi Bank tərəfindən təmin olunur. Banklara təqdim edilən ticarət limitləri Mərkəzi Bank tərəfindən müəyyən edilir və bütün iştirakçılarla razılaşdırılır. Bu limitlərin dəyişdirilməsi haqqında qərar, həmçinin, Mərkəzi Bank tərəfindən baxılır və qəbul edilir. Sazişin hər bir iştirakçı bankı ayda 2 milyondan artıq vəsait cəlb edə bilməz. Kreditin maksimal müddəti 90 günlə məhdudlaşır. Faiz dərəcələri banklar tərəfindən sərbəst şəkildə müəyyən edilir.
DOSTLARINLA PAYLAŞ: